ELMİ ŞURA


Universitet Elmi Şurası seçkili orqandır, onun yaradılması və fəaliyyəti  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli 9 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi, Azərbaycan Respublikasının Təhsil Nazirinin 10 noyabr 1997-ci il tarixli 792 nömrəli əmri ilə təsdiq olunmuş  "Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə" və Universitetin Nizamnaməsi ilə tənzimlənir.

Elmi Şura Universitetin ali özünüidarəetmə orqanıdır və Universitetin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir. Universitet Elmi Şurasının səlahiyyət müddəti 3 ildir. Elmi Şuranın vaxtından əvvəl yenidən yaranması onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə həyata keçirilir.

Elmi Şuranın tərkibi bu qaydada müəyyənləşdirilir: Tutduqları vəzifələrinə görə Elmi Şuranın tərkibinə daxil edilənlər: Universitetin rektoru, prorektorlar, elmi katib, departament rəhbərləri, dekanlar, kafedra müdirləri, həmkarlar təşkilatının sədri (əməkdaşların və tələbələrin), şöbə müdirləri və Tələbə-Elmi Cəmiyyətinin sədri. Fakültələrin professor-müəllim və elmi işçilərinin ümumi iclasında gizli səsvermə yolu ilə seçilən üzvlər: onların sayı  Universitetin professor-müəllim və elmi işçilərinin ümumi sayının 3-10%-ni təşkil edir və bu say rektor tərəfindən professor-müəllim və elmi işçilərinin sayından asılı olaraq müəyyənləşdirilir. Ayrılmış yerlər üzrə seçki fakültələrin professor-müəllim və elmi işçilərinin ümumi iclasında gizli səsvermə yolu ilə həyata keçirilir. Professor-müəllim elmi işçilərinin ümumi sayının 2/3 hissəsi iştirak etdikdə iclas səlahiyyətli sayılır.

Fakültəyə ayrılan yerlərə iştirakçılardan 50 %-dən daha artıq çox səs toplayanlar Elmi Şuraya üzv seçilmiş hesab edilirlər. Hər bir əməkdaş şura üzvlüyündən çıxdığı halda boşalan yeri həmin fakültənin nümayəndəsi mövcud qaydada vaxtından əvvəl seçki keçirməklə tuta bilər.

Rektor tərəfindən təyin edilən üzvlər: Elmi Şuranın tərkibinin 10 %-ə qədəri rektor tərəfindən ümumi saya əlavə olaraq təyin edilir. Rektor Universitet Elmi Şurasına sədrlik edir. Tədris işləri üzrə prorektor və elm və tərbiyə işləri üzrə prorektor Elmi Şuranın sədr müavinləridir.

 

Elmi Şuranın səlahiyyətləri:

Universitetin Nizamnaməsini qəbul edir, onda əlavələr və dəyişikliklər aparır, təhsilalanlar (tələbələr), müəllimlər və  əməkdaşlar üçün daxili nizam-intizam qaydalarını təsdiq edir;

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq Universitetin fəaliyyətinin təşkili və həyata keçirilməsi ilə bağlı lokal normativ aktları qəbul edir;

Universitetin inkişaf proqramını təsdiq edir;

Universitetin strukturunu müəyyənləşdirir, ona dəyişikliklər və əlavələr edir;

Universitetin kadr hazırlığı istiqamətlərini müəyyən edir, tələbə qəbulu planının layihəsini müzakirə və təsdiq edir;

Hər il Universitetin fəaliyyəti barəsində rektorun hesabatını dinləyir;

Mütəxəssislərin, elmi-pedaqoji kadrların hazırlanması, onların ixtisaslarının artırılması və yenidən hazırlanması məsələlərinə baxır, təhsil, təlim-tərbiyə və elmi-tədqiqat işləri ilə bağlı məsələləri həll edir;

Elmi Şuranın üzvləri arasından Şuranın katibini seçir, təhsil və elm, sosial-iqtisadi və təsərrüfat fəaliyyətləri üzrə komissiyalar yaradır. Onların hesabatlarını dinləyir və müvafiq qərar qəbul edir;

Şuranın işini təşkil etmək, iclasları hazırlamaq və qərarların həyata keçirilməsinə nəzarət etmək məqsədilə Şura üzvləri içərisindən elmi katib seçir;

Fakültələrin, kafedraların və Universitetin digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həll edir;

Fakültələrin tədris, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesabatını dinləyir;

Universitetin fəxri doktor, professor və digər fəxri adlarını verir;

Universitet əməkdaşlarına professor və dosent elmi adlarının verilməsi barədə vəsatət qaldırır;

Universitet əməkdaşlarını respublikanın fəxri ad və mükafatlarına, orden və medallarına təqdim edir;

Kafedra müdirlərini, professorları, baş elmi işçiləri seçir və onların vaxtından əvvəl tutduqları vəzifələrindən  azad olunmaları məsələlərinə baxır;

Müstəsna hallarda – fakültə Elmi Şuraları olmadıqda və münaqişələr yarandıqda rektorun qərarı ilə fakültə dekanlarını, dosent, baş müəllim və assistentləri, elmi işçiləri seçir və onların vaxtından əvvəl azad olunmaları barəsində məsələlərə baxır.

 

Elmi Şuranın işinin təşkili

Elmi Şura tədris ili və hər semester üçün nəzərdə tutulmuş iş planı üzrə işləyir. Elmi Şuranın iş planı Şura iclasında müzakirə olunub qəbul edilir və rektor tərəfindən təsdiq edilir. Elmi Şuranın iclasları təsdiq edilmiş iş planına uyğun olaraq ayda 1 dəfədən az olmayaraq keçirilir və protokollaşdırılır, Elmi Şuranın sədri və elmi katibi tərəfindən imzalanmaqla elmi katibdə saxlanılır. Elmi Şuranın iclasında qərarlar tədris, elmi və tərbiyə işlərinin bütün məsələləri üzrə açıq səsvermədə sadə səs çoxluğu ilə, professor-müəllim heyətinin, kafedra müdirlərinin, fakültə dekanlarının seçilməsi və geri çağırılması, professor, dosent və fəxri adların verilməsi zamanı isə müəyyən olunmuş qaydada gizli səsvermə yolu ilə qəbul edilir. Elmi Şuranın qərarları yalnız Universitetin rektoru tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir.

Elmi Şuranın qərar çıxarması üçün onun üzvlərinin ən azı 2/3 hissəsinin iştirakı vacibdir. Elmi Şurada iştirak edənlərin ümumi sayının 50%-dən  çoxu müzakirə olunan məsələnin lehinə səs verərsə, qərar qəbul olunmuş hesab edilir. Elmi Şuranın sədri Şuranın qərarlarının icrasının müntəzəm yoxlanılmasını təşkil edir və Şuranın üzvlərinə qəbul olunmuş qərarların yerinə yetirilməsi barəsində məlumat verir.

Elmi katib: Həsənova Nərgiz Surxay qızı

Vəzifə borcları: Elmi Şuranın iş planının layihəsini hazırlayır. Elmi Şuranın işini və iclasların keçirilməsini təsdiq edilmiş plana uyğun təşkil edir. Elmi Şuranın iclaslarını hazırlayır. İclasda müzakirə olunacaq məsələlərə dair lazımi materialları Şura üzvlərinə əvvəlcədən çatdırır. Elmi Şurada baxılacaq məsələlərə dair uyğun sənədləri yoxlayıb qəbul edir. Elmi Şuranın protokollarını tərtib edir və sədrlə birlikdə imzalayır. Həmin protokolların və digər lazımi sənədlərin saxlanılmasını təmin edir. Universitetin əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, onun fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, əməyin təşkilinin yaxşılaşdırılması üzrə planların və proqramların işlənməsində əlaqələndirməni təmin edir. Elmi adların verilməsi ilə əlaqədar Ali Attestasiya Komissiyası ilə əlaqə saxlayır. Elmi ezamiyyədə olan əməkdaşların hesabatlarını müvafiq qaydada qəbul edir. Respublikanın, eləcə də xarici ölkələrin təhsil müəssislərindən daxil olan elmi işlərə rəylərin yazılmasını təşkil edir. Elmi Şuranın qərarlarının yerinə yetirilməsinə nəzarət edir. İlin sonunda Elmi Şuranın işi haqqında hesabat hazırlayır və Şuranın sədrinə təqdim edir.