Tələbə Gənclər Təşkilatı


Bakı Avrasiya Universitetində Tələbə Gənclər Təşkilatı 2007-ci ildən fəaliyyət göstərir. Tələbə Gənclər Təşkilatı təhsil alan gənclərin ümumi maraqlarını və könüllülük prinsiplərini rəhbər tutaraq, onların təhsil müəssisəsinin ictimai həyatında fəallığını artırmaq, hüquqlarının müdafiəsini, maraqlarını, asudə vaxtının səmərəli təşkilini, maraq və meyllərini, intellektual inkişaflarını təmin etmək, habelə qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaq məqsədi ilə təsis edilib. Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin qərar, əmr və tövsiyələrinə, ali və orta ixtisas təhsili müəssisələrinin nizamnamələrinə uyğun olaraq fəaliyyət göstərir. Təşkilat təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün dövlət orqanları, qeyri-hökumət və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Təşkilat ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin ümumi maraqlarına və könüllülük prinsiplərinə əsaslanan müstəqil tələbə-gənclər təşkilatıdır.

 


Təşkilatın fəaliyyətində əsas məqsəd dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

 

Təşkilatın əsas vəzifələri:

 

  • tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
  • tələbələr arasında maarifləndirmə işinin aparılması;
  • tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
  • tələbələrin hüquqlarının təmin edilməsi;
  • respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
  • tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
  • tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
  • tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;
  • tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün - dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi;
  • tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi qarşısında vəsadətin qaldırılması;
  • təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması;
  • qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.

 

Təşkilata üzvlük, üzvlərin hüquq və vəzifələri

 

  • Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri təhsil aldıqları müəssisələr üzrə təşkilata üzv ola bilərlər;
  • Təşkilata üzvlük könüllü xarakter daşıyır;
  • Təşkilata üzvlərin qəbulu İdarəetmə Şurası tərəfindən həyata keçirilir;
  • Təşkilatın üzvləri bərabər hüquqludurlar;
  • Təşkilatda bir neçə departament və klublar fəaliyyət göstərir: Elm və təhsil departamenti, Vətənpərvərlər klubu, Avrasiya Oxucular Klubu, Molla Nəsrəddin Ocağı, İntellektual Oyunlar Klubu