“Türk və xarici ölkə filologiyası” kafedrası

 

“Türk və xarici ölkə filologiyası” kafedrası 03 iyun 2015-ci ilə qədər “Türk xalqlarının dili və ədəbiyyatı” bölümü adı altında fəaliyyət göstərmişdir. “Türk xalqlarının dili və ədəbiyyatı” bölümü isə 2013-cü ildə “Nəzəri dilçilik” və “Filologiya və jurnalistika” kafedraları bazasında yaradılmışdır.

Kafedranın əsas vəzifəsi Universitetin bütün fakültələrində yüksək ixtisaslı tələbələr hazırlamaqdır. “Türk və xarici ölkə filologiyası” kafedrasının professor-müəllim heyəti tərəfindən bakalavriatura, magistratura və doktorantura səviyyələri üzrə kadr hazırlığı aparılmaqda, Azərbaycan dili və ədəbiyyatı, nitq mədəniyyəti, türk dili və ədəbiyyatı, türk xalqları ədəbiyyatı, Avropa xalqları ədəbiyyatı, Uzaq və Yaxın Şərq ölkələri ədəbiyyatı, mifologiya,qədim dillər,  dil və ədəbiyyatın tədrisi və metodikası kimi müxtəlif fənlər üzrə müxtəlif ixtisaslarda təhsil alan tələbələrə yüksək səviyyəli dərslər keçirilməkdədir. İnteraktiv metodların tətbiq edildiyi mühazirə və seminarlarda tələbələrin müxtəlif səriştə və bacarıqlar qazandırılmaqdadır.

Kafedranın professor-müəllim heyəti tərəfindən Filologiya və Regionşünaslıq fakültəsində müxtəlif fənlər tədris edilir.  Filologiya fakültəsinin “Dil və ədəbiyyat müəllimliyi”  ixtisası üzrə bakalavr dərəcəsində yüksək səviyyəli, peşəkar müəllimlər hazırlamaq üçün Azərbaycan və türk  dilləri və ədəbiyyatları (o cümlədən dünya ədəbiyyatı) bütün mərhələ və dövrlər üzrə geniş şəkildə öyrədilir.

Filologiya fakültəsinin “Filologiya” ixtisası üzrə bakalavr dərəcəsində təhsil alan tələbələrə müasir Azərbaycan və türk dillərinin bölmələri, ümumi və nəzəri dilçilik fənləri  geniş şəkildə öyrədilməklə yanaşı, praktik dil vərdişləri də qazandırılır, Azərbaycan və dünya ədəbiyyatı  xronoloji qaydada tədris edilir, müxtəlif dövrlərdə yaşamış yazıçı və şairlərin həyat və yaradıcılığı ilə tanış edilir, əsərləri üzərində sərbəst işlər aparılmaqla, fənlərin daha yaxşı mənimsədilməsinə çalışılır.

Universitetin müxtəlif ixtisaslar üzrə magistratura pilləsində təhsil alan tələbələrə dil və ədəbiyyatın müxtəlif problemləri ətraflı şəkildə öyrədilir. Eyni zamanda bu tələbələrə araşdırma aparmaq, öyrənmək, təhlil və tətbiq etmək, elmi mətn hazırlamaq bacarıqlar da kafedranın professor-müəllim heyəti tərəfindən aşılanır.

Kafedrada doktorantura üzrə təhsil alan mütəxəssislərin də ümumi nəzəri hazırlığını yüksəltmək istiqamətində işlər aparılır. Müxtəlif ixtisaslar üzrə elmlər doktorlarının nəzarəti altında filologiya elminin  müxtəlif problemləri üzərində araşdırma aparan doktorantlar kafedranın gənc kadr ehtiyatı kimi çıxış edirlər.

Kafedrada türk və xarici ölkə filologiyasının müxtəlif problemləri üzrə elmi-tədqiqat işlərinin aparılması, dərslik, proqram və müxtəlif tədris vəsaitlərinin hazırlanması istiqamətində də işlər görülür. Eyni zamanda elmi seminar və müzakirələrin, simpozium və konfransların təşkili, tələbələrin tədqiqat işlərinə cəlb edilməsi əsas istiqamətlərdəndir. Kafedranın professoru Firudin Cəlilov tərəfindən ustad dərsləri təşkil edilir.

Kafedranın professor-müəllim heyəti beynəlxalq və yerli elmi, praktik konfranslarda mütəmadi şəkildə təmsil olunurlar.

Kafedrada beynəlxalq əlaqələr istiqamətində mühüm işlər görülür. Universitetin müxtəlif xarici ali təhsil müəssisələri ilə bağladığı beynəlxalq əməkdaşlıq proqramlarından müəllim və tələbə heyəti istifadə edir. Bu baxımdan Türkiyənin Yunus Əmrə İnstitutu ilə əməkdaşlıq çərçivəsində Universitetdə türk dili və ədəbiyyatı ixtisası üzrə təhsil alanların daha yüksək şəkildə hazırlığını artırmaq məqsədilə hər tədris ili Türkiyədən müəllimlər dəvət edilir.

Kafedranın əsas məqsədlərindən biri də şeir gecələri, qiraət yarışları təşkil etmək, tələbələrdə bədii yaradıcı təxəyyülü və elmi araşdırmanı gücləndirmək, fəallığı artırmaqdır.

Kafedra müdiri haqqında məlumat:

“Türk və xarici ölkə filologiyası” kafedrasının müdiri Elmira Məmmədova-Kekeç Fikrət qızı 03 iyun 1978-ci ildə anadan olmuşdur. 1995-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq,  1999-cu ildə  bakalavr və 2001-ci ildə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirmişdir. 2001-2004-cü illərdə AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda aspiranturada təhsilini davam etdirmişdir.

2001-2014-cü illərdə AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu “Türk filologiyası” şöbəsində işləmişdir. 2014-cü ildən AMEA Folklor İnstitutu “Türk xalqları folkloru” şöbəsinin aparıcı elmi işçisidir. 2008-2009-cu tədris ilində Azərbaycan Dillər Universitetində Xarici tələbələr üzrə hazırlıq kafedrasının müəllimi işləmişdir. 2011-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllimlik fəaliyyəti göstərmişdir. 2013-cü ildən Xəzər Universitetinin “Azərbaycan dili və ədəbiyyat” departamentinin müəllimidir. 

2007-ci ildə filologiya elmləri nazimədi alimlik dərəcəsini almaq üçün “Müasir Kipr türk poeziyasının formalaşmasında Osman Türkayın rolu” adlı dissertasiya işini müdafiə etmişdir.  Mövzu ilə əlaqədar “Osman Türkayın poetik irsi” (Bakı, 2010) adlı monoqrafiyası nəşr edilmişdir. Hal-hazırda filоlоgiya üzrə еlmləri doktoru  alimlik dərəcəsi almaq üçün “Türk xalqları ədəbiyyatında vücudnamələr: arxitektonikası və məzmun özəllikləri” adlı dissеrtasiya mövzusu üzərində işləyir.

Еlmira Məmmədоva-Kekeç bir monoqrafiyanın, dörd tərtibat kitabının, on tərcümə kitabının, 80-dən çox məqalə və tеzisin müəllifidir. O, bir çox elmi simpoziumlarda, həmçinin Türkiyə, İran, Şimali Kipr Türk Respublikası, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Moldovanın müxtəlif şəhərlərində kеçirilən bеynəlхalq kоnfranslarda Azərbaycan еlmini layiqincə təmsil еtmişdir.

"International Journal of Languages Education and Teaching" (ISSN: 2198-4999-Germany) və "Yeni türk ədəbiyyatı araşdırmaları" (Türkiyə, İSNN: 1308-8203) adlı beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür.

2015-ci il 16 sentyabr tarixindən Bakı Avrasiya Universitetinin “Türk və xarici ölkə filologiyası” kafedrasının müdiridir.

 

"Tərcümə və praktik dillər" kafedrası

 

Kafedra 1999-cu ilin iyununda qəbul olunmuş Bolonya Bəyannəməsinin əsas müddəalarını rəhbər tutaraq fəaliyyət göstərir. Kafedrada ingilis, fransız, alman, ərəb, rus dilləri tədris olunur. Əsas fəaliyyət istiqaməti məqsədi tələbələrə xarici dili praktik olaraq öyrətməkdən və tələbələri dili öyrənilən ölkənin mədəniyyətinə yiyələnməyə yönəltməkdən ibarətdir. Tədris olunan dilin bütün aspektlərini, eləcə də danışıq, dinləmə və anlama, oxu və yazı kimi nitq fəaliyyətlərinin inkişaf etdirmək də kafedranın əsas məqsədlərindən biridir. Kafedranın müəllimləri çalışırlar ki, xarici dilin tədrisində əsasən kommunikativ və interaktiv metodlara  və canlı ünsiyyətə yer versinlər, eləcədə tələbələrin öz fikirlərini ifadə etmələrinə şərait yaratsınlar. Hazırda “Tərcümə və praktik dillər“ kafedrasına dos. S.R.Rzayeva rəhbərlik edir.

Kafedranın fəaliyyəti:

Tərcümə və praktik dillər kafedrası geniş fəaliyyətə malik strukturlardan biridir. Bu kafedralarda bakalavr, magistr, doktorantura pillələrində dərslər aparır. Mütəmade olaraq kafedra iclası keçirilir. Bu iclaslarda gündəlikdə olan müxtəlif məsələlər müzakirə olunur. Müəllimlərin açıq dərsləri təşkil edilir və dərslərin təhlili kafedrada keçirilir.

Kafedranın müəllimləri bir sıra elmi-tədqiqat işlərinə cəlb edilmişdir. Burada metodika və linqvistika problemləri üzrə tədqiqat işləri aparılır.

Kafedranın peşəkar müəllimlər tərəfindən tədris olunan fənlər üzrə akademik proqramlar tərtib olunub. Proqramlar əsasən bakalavr pilləsi üçün nəzərdə tutulub.