Filologiya fakültəsi

1992-ci ildən yaradılmış Filologiya fakültəsi bakalavr, magistratura və doktorontura pilləsində tədris həyata keçirməklə ali dərəcəli mütəxəssislər hazırlayır. Fakültənin tədris planını ictimai-siyasi, elmi-texniki, dil və ədəbiyyat, bədii tərcümə, eləcə də digər sahələr üzrə keçirilən məşğələlər təşkil edir. Plan tələbələrə təlim, tərcümə  və  interqrasiya sahəsində yüksək səviyyəli vərdişlərin aşılanmasını nəzərdə tutur.

 

 


Respublikamız müstəqilliyini bərpa etdikdən sonra, beynəlxalq mədəni əlaqələr  genişləndikdən sonra yüksək ixtisaslı mütəxəssislərə ehtiyac artmışdır. Fakültənin  nəzdində fəaliyyət göstərən “Türk xalqlarının  dili və ədəbiyyatı” və “Tərcümə, xarici dil və ədəbiyyatı bölümləri” bu ehtiyacın ödənilməsi üçün var qüvvəsi ilə çalışmışdır. Bundan əlavə, dünya ədəbiyyatının inciləri hesab olunan əsərlərin azərbaycan dilinə tərcümə olunmasında, eləcə də ədəbiyyatımızın, mədəniyyətimizin təbliğində bu fakültədə çalışan professor və   müəllimlərin, təhsil alan tələbələrin əməyi danılmazdır.

 

 


Fakültədə təhsil prosesinin təşkili də fərqlidir. Burada ixtisas kimi seçilən dilin öyrənilməsi ilə peşə hazırlığı bir-birindən demək olar ki, ayrılmışdır. İki semestr ərzində sırf seçilmiş dilin əsas xüsusiyyətləri öyrənilir, bu sahədəki bilik və bacarıqlar, vərdişlər təkmilləşdirilir. Bu da öz növbəsində peşə hazırlığı ilə bağlı olan dərslərin daha rahat mənimsənilməsinə kömək edir. Fakültədə həftəlik 30 saat dərs keçirilir. Bu baxımdan, tələbənin öz üzərində sərbəst işləmək üçün daha çox vaxtı olur və müəllimlərin təşkil etdikləri fərdi məşğələlərdə, auditoriyadan kənar dərslərdə iştirak edə bilirlər. Fakültənin beynəlxalq  əlaqələrinin genişlənməsi, xüsusilə Türkiyənin Yaxın Doğu  Universiteti ilə əməkdaşlığı, tədris planlarının  dünyanın aparıcı universitetlərinin təcrübəsindən istifadə etməklə hazırlanması da gələcəkdə yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsində əvəzsiz rol oynayır.

Əgər  siz də gələcəkdə müxtəlif dillərdə danışan insanlar arasında ünsiyyət yaratmaq, müxtəlif mədəniyyətləri yaxınlaşdırmaq, bir sözlə, dünyanın qlobalaşması üçün əsas amil olan inteqrasiya prosesində yaxından iştirak etmək istəyirsinizsə bizim fakültədə təhsil almağınız məqsədəuyğundur. 

 

İxtisaslar


- Azərbaycan dili və ədəbiyyatı

- İngilis dili və ədəbiyyatı

- Türk dili və ədəbiyyatı

- Tərcümə (ingilis dili)

- Tərcümə (alman dili)

- Tərcümə (fransız dili)

- Tərcümə (ərəb dili)

 

Fakültə dekanı,

f.ü.f.d, dosent, Süleymanov Salman Səfaralı oğlu

 

 Süleymanov  Salman Səfəralı oğlu 1971-ci ildə anadan olub. 1978-1988-ci illərdə Saatlı Qaranuru kənd orta məktəbində təhsil almışdır. 1989-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb şöbəsinə daxil olmuş,1994-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə başa vurmuşdur. 1994-1997-ci illərdə Ərəb filologiyası kafedrasının aspiratura pilləsini bitirmişdir.

1994-cü ildən İlahiyyat fakültəsinin dillər kafedrasında müəllim,1999-cü ildən isə fakültənin dekan müavini vəzifəsində çalışmışdır.2003-cü ildə Ərəb ədəbi dilində "feil bablarının quruluş və məna xüsusiyyətləri" mövzusunda namizədlik disertasiyasını müdafiə etmişdir. 2006-cı ildə dosentlik elmi dərəcəsini almışdır.

  25 məqalə, 1 tezis və 1 metodik vəsaitin müəllifidir.

2000-ci ildə Misirdə bir aylıq elmi təcrübə keçmişdir.

2017-ci ildən etibarən BAAU filologiya fakultəsinin dekanıdır.

Ailəlidir,iki övladı var.