Türkiyənin Yaxın Doğu Universitetinin rektoru Suat İrfan Günselə Bakı Avrasiya Universitetinin Fəxri doktoru adı verilib

26.11.2013

Türkiyənin Yaxın Doğu Universitetinin rektoru Suat İrfan Günselə Bakı Avrasiya Universitetinin Fəxri doktoru adı verilib
Dünən Bakı Avrasiya Universitetinin dəvəti ilə Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının Yaxın Doğu Universitetinin rektoru Suat İrfan Günsel Fəxri xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin məzarını, həmçinin, Şəhidlər xiyabanını və şəhid türk hərbçilərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Daha sonra Bakı Avrasiya Universitetində keçirilən mərasimdə Türk dövlətləri arasında elm, təhsil və mədəni əlaqələrin genişlənməsi, inteqrasiyası və Bakı Avrasiya Universiteti ilə əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətindəki xidmətlərinə görə S.Günselə universitetin Fəxri doktoru adı verilib. Bu iki ali təhsil ocaqları arasında əməkdaşlığa dair müqavilənin də imzalandığı tədbirdə professor Nazim Hüseynli, Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyinin rəhbəri Sadettin Topukçu, Azərbaycan Atatürk mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov, Yaxın Doğu Universitetinin prorektoru Fəxrəddin Məmmədov, Yunus Emre Türk Kültür Mərkəzinin müdiri Səriyyə Gündoğdu, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və Bakı Avrasiya Universitetinin profesor-müəllim heyəti iştirak edib.
Tədbiri açıq elan edən Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynli qonaqları salamladıqdan sonra universitet haqqında çəkilmiş qısametrajlı film nümayiş olunub. Bakı Avrasiya Universitetinin 20 illik tarixinə həsr olunmuş film qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.
Tədbirdə çıxış edən Yaxın Doğu Universitetinin rektoru Suat İrfan Günsel ona göstərilən diqqət və qayğıya görə dərin təşəkkürünü bildirib, universitetlər arasındakı əməkdaşlığı iki qardaş ölkənin dostluq, qardaşlıq münasibətlərinin nümunəsi kimi dəyərləndirib. Qonaq qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil ocağının qapıları Bakı Avrasiya Universitetinin tələbələri üçün hər zaman açıqdır.
Tədbirin digər çıxışçıları da universitetlər arasındakı mövcud əlaqələri yüksək qiymətləndiriblər.
Onu da qeyd edək ki, S.Günsel 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Dostluq ordeni” ilə təltif olunub.