Özbəkistanın Xalq Şairi Camal Kamala Bakı Avrasiya Universitetinin fəxri doktoru adı verilib

30.05.2017

Bakı Avrasiya Universitetində Özbəkistanın Xalq Şairi Camal Kamala ali təhsil ocağının fəxri doktoru adının verilməsi ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Nazim Hüseynli  Özbəkistan  və  Azərbaycan arasında bütün istiqamətlərdə, o cümlədən mədəni və ədəbi sahələrdə əlaqələrin dərin köklərə malik olduğunu, bu münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb. Rektor  Camal Kamalı universitetdə görməsindən məmnunluğunu ifadə edərək, şairin Azərbaycan ədəbiyyatına verdiyi tövhələrə görə minnətdarlığını bildirib.

Daha sonra Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında mühüm xidmətləri olan millət vəkili Qənirə Paşayeva çıxış edərək şairin həyatı və yaradıcılığı barədə danışıb. Qeyd edib ki, Camal Kamal Azərbaycanın böyük şairi Nizami Gəncəvinin “Xəmsə”sini özbək dilində tərcümə, eləcə də Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün və digər Azərbaycan ədiblərinin əsərlərini özbəkdilli oxuculara təqdim edib.

Tədbirdə iştirak edən tədqiqatçı alim Şuhrat Salamov Özbəkistanın qardaş Azərbaycanın haqq işində hər zaman dəstək olacağını diqqətə çatdırıb. O, Əmir Teymurun Şuşa qalasına səfəri ilə bağlı tədqiqatlarından maraqlı məqamları tələbələrlə bölüşüb.

Tədbirin sonunda Özbəkistanın Xalq Şairinə “Fəxri doktor” diplomu təqdim edilib və xatirə şəkilləri çəkdirilib.

Öz növbəsində Camal Kamal BAAU-nın rektoruna, eləcə də universitetin professor-müəllim kollektivinə göstərilən diqqətə görə təşəkkürünü bildirib.