Bakı Avrasiya Universitetində "Məzun günü"

01.06.2017

Mayın 31-də Bakı Avrasiya Universitetində "Məzun günü" keçirilib.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Universitetin rektoru, professor Nazim Hüseynli çıxış edərək bu əlamətdar gün münasibətilə məzunları təbrik edib və onlara uğurlar arzulayıb. Qeyd edib ki, yeni həyata addımlayarkən BAAU-da aldıqları təhsil, əldə etdikləri təcrübə onların yoluna işıq salacaq. Rektor çıxışında uzaq regionlarımızdan övladlarının şad günündə  iştirak etməyə gələn valideynlərə xüsusi təbriklərini çatdıraraq universitetin valideynlərlə sıx əməkdaşlıq etməsindən məmnunluğunu bildirib.

Tədbirdə iştirak edən millət vəkili Aydın Mirzəzadə və YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev gənclərin bu sevincli günündə təbriklərini çatdıraraq ölkəmizin işıqlı gələcəyi naminə onların cəmiyyətin fəal üzvləri kimi daim inkişafa doğru irəliləyəcəklərinə əminliklərini ifadə ediblər.

Məzunlar bir ailəyə çevrildikləri Bakı Avrasiya Universitetinin adını hər zaman uca tutacaqlarını bildiriblər.

Tədbir konsert proqramı ilə davam edib.