İndoneziyanın səfiri Bakı Avrasiya Universitetində olub

08.06.2017

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani Bakı Avrasiya Universitetinin qonağı olub. Səfiri səmimiyyətlə salamlayan Universitetin rektoru, professor Nazim Hüseynli iki ölkə arasında mehriban əlaqələrin təhsil sferasına da transformasiya etdiyini böyük məmmuniyyətlə qeyd edib.

Hüsnan Bəy Fanani ölkəmizi yaxından tanıdığını və sevdiyini qeyd edərək iki dövlət arasında əlaqələrin daha da genişlənməsi üçün əlindən gələni əsirgəmədiyini vurğulayıb. Diqqətə çatdırıb ki, İndoneziya dünyanın iqtisadi cəhətdən inkişaf etmiş 20 ölkəsi arasında 15-ci yeri tutur. Ölkənin iqtisadi potensialının təhsil sahəsində də uğurlara zəmin yaratdığını vurğulayan səfir bu istiqamətdə təcrübəni dost Azərbaycanla paylaşmağa hər zaman hazır olduqlarını bildirib.

Azərbaycanda bir sıra universitetlərdə görüşlər keçirdiyini və tələbələr qarşısında mühazirələr oxuduğunu bildirən səfir elm və təhsil sahəsinə həssalıqla yanaşdığını deyib. Vurğulayıb ki, bunun  əsas səbəbi gənc nəslin hər bir ölkənin gələcəyində mühüm payı olması ilə bağlıdır.  

Professor Nazim Hüseynli səfirə rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti haqqında geniş məlumat verib. Universitetin beynəlxalq əlaqələrinin sürətlə genişləndiyini bildirən rektor müxtəlif ölkələrin ali təhsil ocaqları ilə tələbə və müəllim mübadiləsinin həyata keçirildiyini diqqətə çatdırıb.  

Tərəflər daha sonra təhsil sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi də aparıblar.