Beynəlxalq Sosial Elmlərin Tədqiqatı Konqresi bu il Bakıda keçiriləcək

13.09.2017

Təməli 2015-ci ildə qoyulan Sosial Elmlərin Tədqiqatı Konqresi Sarayevodan sonra ikinci dəfə Bakı Avrasiya Universiteti, Pamukkale Universiteti və “Anadolu Mədəni Araşdırmalar” jurnalının birgə təşkilatçılığı ilə cari il, 19-21 oktyabr tarixlərində Bakıda baş tutacaq.

Tədbirin hər il zəngin Türk mədəniyyətini təcəssüm etdirən fərqli bir şəhərdə keçirilməsi nəzərdə tutulub.

Cari il təşkil olunacaq tədbirin əsas mövzusu xüsusilə Qafqaz bölgəsinin problemlərini və burada cərəyan edən prosesləri birgə müzakirə etməkdir. Konfransda arxeologiya, coğrafiya, dil, ədəbiyyat, iqtisadiyyat, fəlsəfə, incəsənət, hüquq, ilahiyyat, psixologiya, tarix, siyasət, sosial elmlər, turizm, türk mədəniyyəti, beynəlxalq əlaqələr və digər istiqamətlər üzrə aktual mövzular gündəmdə olacaq.

Konfrans fərqli ölkələrin  elm adamlarını bir araya gətirməklə yanaşı  beynəlxalq əməkdaşlığı təşviq etməyi və tədqiqatçılara yeni üfüqlər açmağı hədəfləyir.