“Dil və Ədəbiyyatda Müasirləşmə və Ənənə”- I Beynəlxalq Simpoziumu keçirilir

06.10.2017

Dünyada dil və ədəbiyyat sahələrində tədqiqat aparan elm və incəsənət xadimlərini bir araya gətirən “Dil və Ədəbiyyatda Müasirləşmə və Ənənə”- I Beynəlxalq Simpoziumun açılışı Türkiyənin Karabük Universitetində baş tutub. Karabük, Beynəlxalq Sarayevo, Beynəlxalq Balkan və Bakı Avrasiya Universitetlərinin, habelə Avrasiya Dünya Elmləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbir oktyabrin 4-dən start götürüb və 3 gün davam edəcək. Belə bir Simpoziumun təşkili ənənəvi və müasir dil-ədəbiyyat anlayışları haqqında keçmişdən gələcəyə metod, üsul və fikirləri müzakirə etmək, bölüşmək, yeni nəzəriyyələr irəli sürmək, ədəbi və mədəni problemlərin həlli yollarını araşdırmaq, fəaliyyətləri koordinə etmək baxımından önəmlidir.

Hamit Çepni  konfrans zalında açılışı olan Simpoziumda Karabük Universitetinin rektoru prof., dok. Refik Polat, Beynəlxalq Balkan Universitetinin rektoru prof., dok. İsmayıl Kocayusufoğlu, Beynəlxalq Sarayevo Universitetinin prorektoru prof., dok. Metin Toprak, Avrasiya Dünya Elmləri İnstitutunun prorektoru prof., dok. Kadir Ahmetov, Bakı Avrasiya Universitetinin prorektoru prof., dok. Gülzar İbrahimova, o cümlədən Karabük Universitetinin prorektoru prof., dok. Ali Güneş, Ədəbiyyat fakültəsi dekanı prof., dok. Murat Ağarı, İlahiyyat fakültəsi dekanı prof., dok. Hür Mahmut Yücer, Simpoziumun təşkilat komitəsinin rəhbəri prof., dok. Zeki Tekin və çox sayda dəvət edilən məruzəçilər, rəhbərlər, alimlər və tələbələr iştirak edib.

Açılış mərasimində çıxış edən rektor prof., dok. Refik Polat tədbirin keçirilməsində əməyi olan  universitetlərin rektorlarına, prorektorlarına və akademik heyətə təşəkkür edib. O, deyib: “Dəyərli məsləkdaşlarımızın bizə çatdırdıqları salamları aldıq. Mən də bu konfrans vasitəsilə Sarayevoya, Üsküpə, Qazaxıstana, Azərbaycana və Balkanlara salamlarımı göndərirəm”.

Refik Polat çıxışının davamında hər bir akademik heyətin ildə ən az iki konfrans keçirməsini və bu ənənənin davam edərək, beynəlxalq səviyyədə tanınması ilə bağlı istəyini ifadə edib. O, Simpoziumun mövzusuna diqqət yönəldərək vurğulayıb: “Çox uğurlu bir mövzu seçilib. Ədəbiyyat sahəsində çox təcrübəm olmasa da, tədbirin mövzusu ilə bağlı bir neçə söz deyə bilərəm. 100 il bundan öncə yaşayan insanların danışıqlarını dinləsək, heç bir şey anlamarıq. 100 il sonra da gələcək nəsil bizim danışdıqlarımızı başa düşməyəcək. Ona görə də, bu mövzu heç vaxt aktuallığını itirməyəcək”.

Tədbirdə çıxış edən BAAU-nın prorektoru Gülzar İbrahimova fikirlərini bu sözlərlər ifadə edib: “Dil, millətin canıdır. Dünyada xalqların kimliyini müəyyən edən ən mühüm amillərdən biri onların dilidir”.

Çıxışlardan sonra Refik Polat iştirakçılara təşəkkür sertifikatı təqdim etdi.