Sosial Elmlərin Tədqiqatı - II Beynəlxalq Konqresi keçirilir

20.10.2017

Xəbər verdiyimiz kimi, oktyabrın 19-da II Beynəlxalq Sosial Elmlərin Tədqiqatı Konqresi işə başlayıb. Bakıda keçirilən tədbir Bakı Avrasiya Universiteti, Pamukkale Universiteti və “Anadolu Mədəni Araşdırmalar” jurnalının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

BAAU-nun rektoru, professor Nazim Hüseynli bildirib ki, oktyabrın 21-dək davam edəcək konfransın keçirilməsinin məqsədi müasir dövrün çağırışlarına uyğun olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqun qurulması, ortaq layihələrin reallaşdırılmasıdır. Beynəlxalq tədbirin hər iki dövlətin elm və təhsil sahələrinin inteqrasiyasına səmərəli təsir edəcəyini deyən rektor konfransın işinə uğurlar arzulayıb.

Konfransın sədri, professor Həsən Kara ilk dəfə 2015-ci ildə Sarayevoda keçirilmiş tədbirin Şərq və Qərb istiqamətləri üzrə hər il bir ölkədə təşkil ediləcəyini deyib. Professor bir sıra ölkələrin elm adamlarını bir araya gətirən konfransın birgə elmi tədqiqat işlərinin aparılmasına xidmət edəcəyini bildirib. Mövzunun aktuallığını qeyd edən H.Kara konfransda arxeologiya, coğrafiya, dil, ədəbiyyat, metodik elmlər, fəlsəfə, incəsənət, hüquq, iqtisadiyyat, türk mədəniyyəti, beynəlxalq münasibətlər və digər sahələr üzrə müxtəlif mövzularda çıxışların dinləniləcəyini diqqətə çatdırıb.

Anadolu Mədəni Araşdırmalar jurnalının redaktoru, professor Turhan Çetin konfransın əlaqə və münasibətlərin genişləndirilməsi, bu sahədə yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva “Qarabağ problemi” mövzusunda məruzə ilə çıxış edib.

Sonra Milli Məclisin deputatı Musa Qasımlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov Türkiyə universitetləri ilə əməkdaşlıqdan danışıb, əlaqələrin ildən-ilə genişləndiyini qeyd ediblər. Bildirilib ki, belə konfransların ardıcıl təşkil olunması elm və təhsil sahəsinin inkişafında mühüm rol oynayır və gənclərin beynəlxalq səviyyədə inteqrasiyasına səbəb olur.

Tədbirdə mövzu ilə bağlı məruzələr dinlənilib.

Qeyd edək ki, təməli 2015-ci ildə qoyulan Sosial Elmlərin Tədqiqatı Konqresi Sarayevodan sonra ikinci dəfə Bakıda keçirilir. Tədbirin hər il zəngin Türk mədəniyyətini təcəssüm etdirən fərqli bir şəhərdə keçirilməsi nəzərdə tutulub.

Cari il təşkil olunacaq tədbirin əsas mövzusu xüsusilə Qafqaz bölgəsinin problemlərini və burada cərəyan edən prosesləri birgə müzakirə etməkdir. Konfransda arxeologiya, coğrafiya, dil, ədəbiyyat, iqtisadiyyat, fəlsəfə, incəsənət, hüquq, ilahiyyat, psixologiya, tarix, siyasət, sosial elmlər, turizm, türk mədəniyyəti, beynəlxalq əlaqələr və digər istiqamətlər üzrə aktual mövzular gündəmdə olacaq.

Konfrans fərqli ölkələrin elmadamlarını bir araya gətirməklə yanaşı  beynəlxalq əməkdaşlığı təşviq etməyi və tədqiqatçılara yeni üfüqlər açmağı hədəfləyir.