Bakı Avrasiya Universitetində Bayraq gününə həsr edilmiş tədbir keçirilib

08.11.2017

Bu gün Bakı Avrasiya Universitetinin və YAP Nərimanov rayon Gənclər Birliyinin təşkilatçılığı ilə 9 noyabr Dövlət Bayrağı gününə həsr edilmiş tədbir keçirilib.  Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən YAP Nərimanov rayon Gənclər Birliyinin sədri, professor Yusif Babanlı Azərbaycanın dövlət bayrağının ilk dəfə dalğalanmasından bəhs edərək bu tarixi hadisədən 99 il ötdüyünü bildirib. Vurğulayıb ki, bu gün fəxrlə başımız  üzərində dalğalanan üçrəngli dövlət bayrağımız yenidən 70 il sonra, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində rəsmi dövlət atributu kimi təsdiqlənib, həmçinin Ümummilli Liderin təşəbbüsü ilə bu məsələ ilə bağlı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılıb və nəticədə milli bayrağımız ölkəmizin dövlət rəmzi kimi qəbul edilib.

BAAU-nın rektor köməkçisi Şəfahət Əliyev öz növbəsində Azərbaycanın dövlətçilik tarixində bayrağımıza, vətənə olan sevginin insanlara, xüsusilə gənclərə aşılanmasında ən böyük örnəyin ölkə başçısı, Prezident İlham Əliyev olduğunu vurğuladı. Sevindirici  haldır ki, Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Tədbirdə YAP Nərimanov Rayon Təşkilatının baş məsləhətçisi Nizami Babaşov, YAP Gənclər Birliyinin əməkdaşları Şəfəq Əhmədova, Elvin Hüseynov da Bayraq Günü münasibətilə tələbələr önündə fikirlərini bölüşüblər.