Bakı Avrasiya Universitetində “Fransız dili Mərkəzi”nin açılışı olub

24.11.2017

Bakı Avrasiya Universitetində “Fransız dili Mərkəzi”nin açılışı ilə bağlı tədbir keçirilib. Tədbir çərçivəsində  Fransanın Azərbaycandakı  səfirinin Əməkdaşlıq və Mədəniyyət, eləcə də Universitetlərarası əməkdaşlıq üzrə müşavirləri Yohan Şiterer və Morin Rabb BAAU-da olublar.

 Qonaqları salamlayan Tədris işləri üzrə prorektor Nigar Hüseynli bu cür görüşlərin əməkdaşlıq perspektivlərini müzakirə etmək baxımından səmərəli olduğunu diqqətə çatdırıb.

Əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğunu qeyd edən müşavir Yohan Şiterer BAAU-da Tərcümə kafedrasının təşəbbüsü ilə “Fransız dili Mərkəzi”nin yaradılmasını yüksək qiymətləndirib. Vurğulayıb ki, bu addım həm hər iki ölkənin universitetləri arasında əməkdaşlığın genişləndirilməsinə, həm də ümumilikdə təhsil, mədəniyyət sahəsində əlaqələrin inkişafına zəmin yaradacaq.

 Görüşdən sonra  universitetin rəhbərliyi və Fransa  səfirliyinin nümayəndələri fransız dili müəllimlərinin və Tərcümə (fransız dili) fakültəsinin tələbələrinin təşkil etdiyi ədəbi-bədii kompozisiyaya baxıblar.