İtaliyalı professor Bakı Avrasiya Universitetində bir həftə mühazirə oxuyacaq

29.11.2017

Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi kontekstində müxtəlif ölkələrin universitetləri, təhsil müəssisələri və nüfuzlu elm xadimləri ilə əməkdaşlığın yeni perspektivləri yaranır. Bu baxımdan, əcnəbi elm adamlarının, professorların ölkəmizin ali təhsil müəssisələri ilə əməkdaşlığa maraq göstərməsi xüsusi vurğulanmalıdır.

Son illərdə Bakı Avrasiya Universiteti də xarici əlaqələrini genişləndirir və bu ali təhsil müəssisəsi daxilində yeni yaranan ab-havadan da açıq-aşkar hiss edilir. Növbəti belə nümunə İtaliyanın nüfuzlu Genuya Universitetinin professoru, siyasi elmlər doktoru Aleksandro Fiqosun bir həftə ərzində Bakı Avrasiya Universitetinin qonağı olmasıdır.

Noyabrın 27-dən dekabrın 1-dək italiyalı professor BAAU-nın “Regionşünaslıq və iqtisadiyyat” fakultəsində regionşünaslıq ixtisası üzrə təhsil alan tələbələr qarşısında ingilis dilində mühazirə oxuyacaq. Mühazirələr Avropa, ABŞ və Kanada regionu üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.

Mühazirənin ilk günü qonağı auditoriyaya təqdim edən BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Səyavuş Qasımov bildirib ki, “artıq universitetimiz dünyanın bir çox ali təhsil ocaqları ilə yaxından əməkdaşlıq edir, müəllim və tələbə mübadiləsi həyata keçirir, tanınmış alimlər universitetimizə gəlir, müxtəlif mövzularda mühazirələr oxuyurlar. Bu baxımdan İtaliya universitetlərinin önəmli yer tutduğunu xüsusi vurğulamaq lazımdır”.

Daha sonra Aleksandro Fiqos müasir beynəlxalq münasibətlərin əsas aktorları və onun dünya düzəninə təsirləri ilə bağlı tələbələr qarşısında çıxış edib. Professorun beynəlxalq münasibətlərə təsir edən əsas faktorların slaydlar və video görüntülər vasitəsilə müşayiət olunan mühazirəsi, tədris zamanı Avropa meyarlarını tətbiq etməsi tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Hər bir mühazirənin sonunda qonaq tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, Aleksandro Fiqos indiyədək dünyanın bir çox nüfuzlu universitetlərində mühazirələr oxuyub. Bu sıraya Portuqaliya, Almaniya, Fransa, Ukrayna, Belorusiya, Yunanıstan, Macarıstan, Polşa, Malta və digər ölkələrin ali təhsil ocaqları daxildir.