Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq

12.12.2017

Ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar dekabrın 12-də Fəxri xiyabana axışanlar arasında gənc müəllim və tələbələr də çoxluq təşkil edirdi. Onların arasında Bakı Avrasiya Universitetinin nümayəndələri də vardı. Bu ali məktəbin prorektoru Günhan Hüseynli AZƏRTAC-a deyib ki, Ümummilli Liderin hakimiyyətdə olduğu illərdə ölkəmizdə yüksək səviyyəli kadrların hazırlanmasına xüsusi diqqət göstərilib, gənclərin xaricdə təhsil almalarına şərait yaradılıb. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasət Azərbaycanda yeni düşüncəli, müasir təfəkkürlü gənclərin yetişməsində mühüm rol oynayır.

G.Hüseynli bildirib ki, bu gün dünyanın hər yerində Ulu Öndərə böyük məhəbbət var. Azərbaycanı bütün dünyada tanıdan bu dahi şəxsiyyətin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.