“Gəncliyin baxış bucağından Türkiyə” Respublika Simpoziumunun rəsmi açılış mərasimi keçirilib.

19.04.2018

“Gəncliyin baxış bucağından Türkiyə” Respublika Simpoziumunun rəsmi açılış mərasimi keçirilib.

Bakı Avrasiya Universitetində “Türkiyə Günləri Həftəsi” çərçivəsində bu gün “Gəncliyin baxış bucağından Türkiyə” Respublika Simpoziumunun rəsmi açılış mərasimi keçirilib. Bu barədə məlumatı universitetin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, “Regionşünaslıq və iqtisadiyyat” fakultəsinin dekanı, dosent Mütəllim Rəhimov və “Filologiya” fakultəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Salman Süleymanlı açılış mərasimində çıxış ediblər. Hər iki natiq BAAU-da keçirilən  “Türkiyə Günləri Həftəsi” günlərinin əhəmiyyətindən danışıblar. Xüsusilə qeyd ediblər ki, “Gəncliyin baxış bucağından Türkiyə” Respublika Simpoziumu gənc tədqiqatçılara, tələbələrə imkan yaradıb ki, Türkiyə haqqında, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı araşdırmalar aparsınlar, özlərinin müstəqil fikirlərini və gəldikləri qənaətləri açıqlasınlar.

Açılış mərasimi Plenar iclasla davam etdirilib. Filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, "Bədii struktur və ifadə texnologiyası arasındakı əlaqənin psixoloji mahiyyəti (Türk nəsri əsasında)", dissertant - Təranə Məmmədova "Namiq Kamal yaradıcılığının Azərbaycan ədəbiyyatında təzahürü", magistr - İlahə Abbaslı "Xorxe Luis Borxesin Türk ədəbiyyatına təsiri: Hasan Ali Toptaş yaradıcılığı nümunəsində", bakalavr - Əmrah Sabirli "Türkiyə Azərbaycan münasibətlərinin Cənubi Qafqazda geosiyasi təsirləri", bakalavr - Pərvin Qafarzadə "Türkiyənin Suriya böhranı kontekstində Orta Şərqdəki rolu", bakalavr - Səidə Əhmədova "Türk və Azərbaycan dilindəki ictimai-siyasi abreviaturaların informasiyadakı rolu", bakalavr - İslam Məmmədov  "Türk ədəbiyatında ilk realist roman: Araba sevdası (R. M. Ekrem)" mövzularında məruzələrini təqdim ediblər.

Bundan sonra tədbir bədii hissə ilə davam etdirilib. BAAU-nun tələbələri Məleykə Tanrıverdiyeva  və Orxan Məmmədovun  ifalarında türk manhıları dinlənilib. Musiqili ifalardan sonra Bakı Yunus Əmrə İnstitunun təqdim etdiyi miniatür sərgiyə baxış keçirilib.

Simpozium bundan sonra öz işini bölümlər üzrə davam etdirib. Simpoziuma məqalə təqdim etmiş gənc tədqiqatçıların on bir bölümdə çıxış edəcəkləri planlaşdırılıb. Çıxışlar Türkiyənin tarixinin, mədəniyyətinin, incəsənətinin, siyasi əlaqələrinin, iqtisadiyyatının və s. ən müxtəlif sahələrinin araşdırılmasına həsr olunub.

Onu da qeyd edək ki, Simpoziuma ölkəmizdə fəaliyyət göstərən müxtəlif universitetlərdə təhsil alan gənc tədqiqatçılar tərəfindən 140-a qədər məqalə təqdim olunub.  Onların arasından 86 məqalə mütəxəssislər tərəfindən seçilərək Simpoziumun gündəliyinə daxil edilib.