“Bilik” Fondu Cümhuriyyətin 100 illiyi münasibətilə BAAU-da tədbir keçirib

25.05.2018

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Bakı Avrasiya Universitetində Cümhuriyyətin 100 illiyinə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan “Regionşünaslıq və iqtisadiyyat” fakultəsinin dekanı, dosent Mütəllim Rəhimov bildirdi ki, Prezident İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. “Ona görə də varislik prinsipinin qorunması məqsədilə bu şanlı tariximizi öyrənməliyik. Cümhuriyyət dövründə görülən işlər, həyata keçirilən islahatlar, dövlət xadimlərinin fəaliyyəti ilə bağlı geniş bilgilər cəmiyyətə çatdırılmalıdır” – M.Rəhimov çıxışında dedi.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri hüquq elmləri doktoru, professor İsaxan Vəliyev çıxış etdi. O, dedi ki, “Bilik” Fondu Cümhuriyyətin 100 illiyinə həsr olunan yüz tədbir keçirməyi planlaşdırıb. İndiyədək 67 tədbir keçirildiyini deyən professor  İsaxan Vəliyev ilin sonunadək onların davam etdiriləcəyini bildirdi. O, həmçinin Azərbaycanda indi həyata keçirilən bir sıra işlərdən danışdı. “Multikulturalizm siyasətinin ölkəmizin dünya dövlətləri içərisində yüksək dəyərlərə sahib olduğunu və onu qoruduğunu göstərir” – deyən İ.Vəliyev Cümhuriyyət dövründə də bu aspektdə görülən işlər barədə müqayisəli şəkildə məlumat verdi.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsum Nağısoylunun “Azərbaycan Xalq Cümhuriyyətinin elm və təhsil siyasəti” mövzusunda çıxışı iştirakçılar tərəfindən maraqla qarşılandı. M.Nağısoylu Şərqdə ilk demokratik ölkə olan Cümhuriyyətin yaradılmasının Azərbaycan xalqının yüksək milli, mədəni keyfiyyətlərinin göstəricisi olduğunu bildirdi. O daha sonra Bakı Dövlət Universitetinin yaradılması və bununla bağlı qarşılaşılan çətinliklər, tələbələrin təhsil alması üçün xarici ölkələrə göndərilməsi, milli kadrların çatışmazlığı, elmi tədqiqatların aparılması ilə bağlı problemlər haqqında iştirakçılara ətraflı məlumat verdi.