BAAU-da yeni dərslik dərc edildi

19.09.2018

Hazırda ali məktəblərdə mükəmməl təhsillə yanaşı güclü elmi mühitin yaradılması, elmi tədqiqatlara daha geniş yer verilməsi aktual məsələyə çevrilmişdir. İnkişaf etmiş ölkələr elmlə təhsilin vəhdətini çoxdan gerçəkləşdirmiş, ali məktəblərdə güclü beyin mərkəzləri və intellekt mühit yarada bilmişlər.

Bakı Avrasiya Universitetində də bu istiqamətdə çoxsaylı işlər həyata keçirilməkdədir. Belə ki, Universitetin tərkibində tədqiqat və araşdırmalar mərkəzləri fəaliyyət göstərir, ortaya konkret nəticələr qoyulur. Bu günlərdə bu sahədə yeni bir uğura imza atılıb. Bakı Avrasiya Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynli və Universitetin “Regionşünaslıq və iqtisadiyyat” fakultəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mütəllim Rəhimovun müəllifliyi ilə “Fəlsəfə” kitabı çapdan çıxmışdır. Kitabda fəlsəfənin predmeti, elmlər sistemində yeri, inkişaf tarixi, müxtəlif fəlsəfi məktəblər, Şərq və Qərb fəlsəfəsi, sosial fəlsəfə və s. mövzulara geniş şəkildə yer verilib və şərh olunub. Kitab ali məktəb tələbələri, müəllimlər və fəlsəfəni müstəqil öyrənənlər üçün yaxşı dərs vəsaitidir.