Türk Dil Qurumunun sədri Prof. Dr. Gürər Gülsevin Bakı Avrasiya Universitetində olub

23.10.2018

Türk Dil Qurumunun sədri Prof. Dr. Gürər Gülsevin Bakı Avrasiya Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynlinin dəvəti ilə Bakı Avrasiya Universitetində olub. Türk Dil Qurumunun fəaliyyəti haqqında qısa söhbətdən sonra Prof. Dr. Gürər Gülsevin öz hədiyyəsini Nazim Hüseynliyə təqdim etdi. Nazim Hüseynli də öz növbəsində müəllifi olduğu kitabı və təşəkkürnamə plaketini Prof. Dr. Gürər Gülsevinə təqdim etdi.

Daha sonra tədbir universitetin akt zalında professor-müəllim və tələbə heyəti qarşısında çıxışla davam etdi. Prof. Dr. Gürər Gülsevin Türk Dil Qurumunun təsis edilməsinin əsas məqsədlərindən, bu Qurumun fəaliyyətindən, görülən işlərdən danışdı. Prof. Dr. Gürər Gülsevin Qurumun 1932-ci ildə Mustafa Kamal Atatürk tərəfindən qurulduğunu və ilk toplantısının keçirildiyi tarixin - Dolmabağça Sarayındakı açılışın hər il 26 sentyabr tarixində ölkələrində “Dil bayramı” kimi qeyd edildiyini vurğuladı. Ortaq dil və ortaq mədəniyyət məsələsini önə çəkən Gürər Gülsevin onu da qeyd etdi ki, Türk Dil Qurumu bu məsələlərə çox həssaslıqla yanaşır.

Sonda Bakı Avrasiya Universiteti tələbələrinin suallarını cavablandıran Türk Dil Qurumunun sədri Prof. Dr. Gürər Gülsevin türk dilinin zənginliyindən və hər dilin mötəbər olduğundan bəhs etdi. Tədbirin sonunda professor-müəllim və tələbələrlə xatirə şəkli çəkdirildi.