İtaliyanın nüfuzlu Genua Universitetinin professoru Bakı Avrasiya Universitetində

26.10.2018

Bakı Avrasiya Universiteti və İtaliyanın Genua Universiteti arasında bağlanmış KA107 saylı Beynəlxalq Kredit Mobilliyi üzrə müqavilə çərçivəsində həmin Universitetin professoru Guido Amarotti,  Bakı Avrasiya Universitetinin  “Regionşünaslıq və İqtisadiyyat” fakültəsinin Beynəlxalq əlaqələr ixtisasında təhsil alan tələbələrə mühazirələr demişdir. “Ümumi psixologiya” istiqaməti üzrə keçirilmiş mühazirə tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır. Ümumilikdə 8 saat keçən mühazirələrdə professor yalnız elmi məlumatla kifayətlənməmiş, eyni zamanda beynəlxalq təcrübəsini də dinləyicilərlə bölüşmüşdür.

Professor Guido Amarotti bu müddət ərzində Bakı Avrasiya Universiteti ilə əməkdaşlıqdan məmnunluğunu dilə gətirib, həmçinin, təkcə bu il deyil, növbəti tədris illərində də Bakı Avrasiya Universitetinin tələbələri ilə təcrübələrini bölüşmək istəyini dilə gətirib. Təhsil sahəsində İtaliya təcrübəsindən yararlanan tələbələr də öz növbəsində professor Guido Amarottinin tədris metodikasını çox bəyəndiklərini bildiriblər. İki günlük mühazirənin qarşılıqlı sual-cavab əsasında çox maraqlı keçdiyini bildirən professor, Bakı Avrasiya Universiteti tələbələrinin bu mövzuda çox aktiv olduqlarını xüsusi vurğulayıb.

Daha sonra  professor Guido Amarotti, Bakı Avrasiya Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynli ilə görüşüb. Səmimi keçən söhbət əsnasında qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə olunub. Müzakirə olunan mövzulardan biri də tələbə mübadiləsi olub. Professor Guido Amarotti gələcəkdə Bakı Avrasiya Universitetində Turizm ixtisasının olmasına dair istəyini bildirib. Belə olan təqdirdə, İtaliyanın bir çox nüfuzlu Universitetlərindən Bakı Avrasiya Universitetinə, həmçinin  Bakı Avrasiya Universitetindən İtaliya Universitetlərinə tələbə göndərilməsinin mümkünlüyündən danışaraq, 2019-2020-ci illər ərəfəsində bu təklifin reallaşa biləcəyini bildirib. “Bu, eləcə də əlaqələrin inkişafına böyük töhfələr verəcək” deyə professor Guido Amarotti bildirib.

Sonda xatirə şəkli çəkdirildi.