Tələbələr arasında mini-futbol turniri keçirilib

04.11.2018

23-30 oktyabr 2018-ci il tarixində Nərimanov rayonu, Q.Rəşid küçəsində yeni salınmış stadionda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə bu ali təhsil ocağının tələbələri arasında 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə mini-futbol üzrə rayon turniri keçirilib.

Turnirin əsas məqsədi 18 oktyabr – Dövlət Müstəqilliyi Gününün geniş şəkildə qeyd edilməsi, yeni nəslin sağlam ruhda böyüyüb tərbiyə olunması, ölkədə bədən tərbiyəsi və idmanın kütləviliyinin təmini, futbol idman növünün təbliği, gənclərimizin yüksək amallar uğrunda mübarizə əzminin artırılması olub. Turnirin mükafatlandırma mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Avrasiya Universitetinin rektorluğun mütəxəssisi Kamil Məhəmmədli, Azərbaycan Kooperasiya Universitetinin mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov və 40 fəal tələbə iştirak edib.

Mərasimdə qalib komandaları təbrik edən Nəcəf Novruzov, Kamil Məhəmmədli və Tamerlan Əkbərov dövlətimizin başçısı İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan danışıblar. Turnirin nəticələrinə görə I yerə Bakı Avrasiya Universitetinin “Avrasiya” komandası, II yerə “Old Team” komandası, III yerə isə “Thor” komandası layiq görülüb.

Sonda qaliblər təşkilatçılar tərəfindən diplom, medal və kubok ilə təltif olunublar.