Bakı Avrasiya Universitetində bədii qiraət və şeir müsabiqəsi keçirilib

09.11.2018

Noyabrın 6-da Bakı Avrasiya Universitetinin Tələbə-elmi Cəmiyyətinin təşkilatçılığı ilə bədii qiraət və şeir müsabiqəsi keçirilib. “Bayraq günü”nə həsr olunmuş tədbir, dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan filologiya üzrə fəlsəfə doktoru, dosent, tədris işləri üzrə prorektor Nigar Hüseynova tələbələrə uğurlar arzulayıb, tədbirin məqsədi haqqında qısa məlumat verib.

Münsiflər heyətinin təqdimatından sonra tələbələr ardıcıllıqla öz çıxışlarına başladılar. Bir çox tanınmış şairlərin şeirlərini səsləndirən tələbələr arasında öz şeirləri ilə də çıxış edənlər oldu. İyirmiyə yaxın tələbə vətənpərvərlik, bayraq və sevgi mövzusunda şeirlərini xüsusi məharətlə təqdim etdilər.

Sonda münsiflər heyətinin yekun qərarına əsasən birinci, ikinci və üçüncü yerə layiq görülən tələbələrin adları açıqlandı. Filologiya elmlər doktoru, dosent İslam Sadıqov çıxış edən tələbələrin səhnə danışığında, mövzu seçimində xırda nöqsanların olduğunu da qeyd edərək, gələcəkdə belə mövzularda diqqətli olmalarını xahiş etdi.

Nəhayət, münsiflər masasında əyləşən filologiya elmləri doktoru, dosent İslam Sadıqov, baş müəllimələr Zəminə Rüstəmbəyli və Çiçək Hüseynova, müəllimələrdən Natella Quliyeva və Sevinc Talıbovanın yekun rəylərinə əsasən, birinci yerə Filologiya fakültəsi, İngilis dili və ədəbiyyatı bölümündən Xudadanova Leyla, ikinci yerə Filologiya fakültəsi, Türk dili və ədəbiyyatı bölümündən Məhərrəmli Türkanə, üçüncü yerə isə Regionşünaslıq və İqtisadiyyat fakültəsi, Regionşünaslıq-Yaxın Orta Şərq bölümündən Xəlilli Mehriban layiq görüldü.

Qaliblərə sertifikat və hədiyyələri universitetin Tədris işləri üzrə prorektoru Nigar Hüseynova təqdim etdi.