Avrasiya Liderlik Akademiyası II

19.11.2018

Bakı Avrasiya Universitetində “Avrasiya Liderlik Akademiyası II” adı ilə təşkil olunan tədbirin əsas məqsədi tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi və yeni biliklərin əldə edilməsi olub. Qeyd edək ki, ənənə halını almış Akademiyanın ilk tədbiri, 2014-cü ilin noyabr ayında keçirilmişdir.

Akademiya iki mərhələdən - rəsmi açılış və təlimlər hissəsindən ibarət olub. Təlimlər peşəkar təlimçilər tərəfindən və aşağıdakı mövzular üzrə keçirilib:

-         İdarəetmə və təşkilatlanma;

-         Nitq və natiqlik;

-         Biznesin idarə edilməsi;

-         Kütlə psixologiyası;

-         Gənc diplomatlar.

Rəsmi açılış mərasimi dövlət himninin səsləndirilməsi ilə başlayıb. İlk söz universitetin Elm və beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Səyavuş Qasımova verilib. Tədbiri giriş sözü ilə açan prorektor, universitetin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynlinin salamlarını tədbir iştirakçılarına çatdırıb və onlara uğurlar arzulayıb. Səyavuş Qasımov tədbirin mahiyyətindən və önəmli olmasından danışıb. Qeyd edib ki, tələbələr təkcə dərs saatlarında deyil, asudə vaxtlarında da bu cür tədbirlərdə fəal iştirak etməlidirlər.

Növbəti çıxış üçün söz Tədrisin təşkili Departamentinin rəhbəri, fizika-riyaziyyat elmlər namizədi, professor Mənsim Məmmədova verilib. O, tələbələri bu cür tədbirlərdə daha aktiv olmağa səsləyib. Mənsim müəllim qeyd edib ki, dərsdən sonrakı vaxtlarda tələbələrin bu cür akademiyalarda fəal iştirakı onların zehni inkişafına da müsbət təsir göstərir.

Daha sonra universitetin professor və müəllim heyəti çıxış edərək ayrı-ayrılıqda hər bir tələbəyə uğurlar arzulayıblar.

Noyabrın 17-si Milli Dirçəliş günü və  Beynəlxalq tələbələr gününə təsadüf edən tədbirin ikinci hissəsinə Filologiya fakültəsinin dekanı, filologiya elmlər namizədi, dosent Salman Süleymanov giriş sözü ilə başlayıb. Salman müəllim də öz çıxışında tədbirin mahiyyətindən, vacibliyindən danışaraq, iştirakçılara uğurlar arzulayıb. Tədbirin sonunda çıxış üçün söz, Akademiyanın təşkilatçısı, rektorluğun mütəxəssisi Kamil Məhəmmədliyə verilib.

Tədbiri yüksək səviyyədə başa çatdıran təlimçilər təşəkkürnamələr, iştirakçı tələbələr isə sertifikatlarla təltif olunub. Sonda xatirə şəkli çəkilib.