“Azərbaycan-Türkiyə Dil və Mədəni Əlaqələri” Beynəlxalq Simpoziumu işə başlayıb

22.11.2018

Bakı Avrasiya Universiteti, Hacettepe Universiteti və Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə müstəqilliyin 100-cü il dönümündə “Azərbaycan-Türkiyə” Dil və Mədəni Əlaqələri Beynəlxalq Simpoziumu işə başlayıb.

22-24 noyabr tarixləri arasında keçiriləcək tədbirin rəsmi açılışı Bakı Biznes Mərkəzində baş tutdu. Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başladı.

Simpoziumda bir sıra dövlət və hökumət nümayəndələri, millət vəkilləri, elm adamları, o cümlədən, Hacettepe Universitetinin professor-müəllim heyəti, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin nümayəndələri də iştirak edirdilər. İlk söz Bakı Avrasiya Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynliyə verildi. Professor qonaqları salamlayaraq Simpoziumun əsas məqsədini açıqladı və əməyi keçən hər kəsə təşəkkür edərək tədbiri açıq elan etdi.

Daha sonra çıxış edən millət vəkili Musa Qasımlı dəvət üçün Bakı Avrasiya Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynliyə təşəkkür edərək, belə bir Simpoziumun gözlənilən olduğunu vurğuladı və iştirakçılara uğurlar arzuladı.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva da öz növbəsində iştirakçıları salamlayaraq ortaq dil və ortaq mədəniyyət mövzusunda fikirlərini bölüşdü. Millət vəkili qeyd etdi ki, biz bir millət iki dövlətiksə, eyni ortaq dilimiz və mədəniyyətimiz olmalıdır. O, bu istiqamətdə bir çox məqamlara diqqət çəkərək gələcəkdə türk dilinin dünya dili olacağına əminliyini vurğuladı.

Sonra çıxış üçün söz Simpoziumun həmsədri və koordinatoru, Hacettepe Universitetinin professor-doktoru Gülay Mirzaoğluna verildi. Gülay xanım da öz növbəsində, tədbir iştirakçılarına öz ürək sözlərini çatdırıb, xoş və səmimi qonaqpərvərliyə görə  şəxsən Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynliyə təşəkkür etdi və çalışdığı Hacettepe Universitetinin rektorunun salamlarını da Simpozium iştirakçılarına çatdırdı.

Növbəti çıxış üçün söz AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, dəyərli alim, akademik Möhsün Nağısoyluya verildi. Akademik qeyd etdi ki, bu cür simpoziumlar daha çox zalda əyləşən tələbələr üçün vacibdir. Məhz tələbələr gələcək fəaliyyətlərində burda səsləndirilən fikirlərə əsaslanaraq uğur əldə edə bilərlər. Akademik onu da əlavə etdi ki, uzun müddət ölkə hüdudlarından kənarda, xarici ölkələrdə, o cümlədən, bir müddət Əfqanıstanda fəaliyyət göstərib. Bu müddət ərzində fars dili ilə yanaşı, Azərbaycan dilini də mükəmməl təbliğ edib. “Türk dili dünya dilləri arasında ən üstün dildir və bu dilin üstünlüyü onun ən qədim dillər sırasına daxil olmasındadır” deyən akademik türk dilinə yüksək dəyər verib.

Sonra söz Türkiyə Cümhuriyyətinin Azərbaycanda büyük elçiliyinin Bakü Kültür və Turizm müşaviri, doktor İrfan Çiftçiyə verildi. Qonaq çıxışında Simpoziumun yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, dəyərli elm adamlarının iştirakını yüksək qiymətləndirdi.

Tədbirin sonuna yaxın iştirakçılara və fəxri qonaqlara təşəkkürnamə və plaketlər təqdim olundu. Təşəkkür plaketlərini alanlar arasında millət vəkilləri Qənirə Paşayeva və Musa Qasımlı simpoziumun həmsədri və koordinatoru, professor doktor Gülay Mirzaoğlu, akademik Möhsün Nağısoylu, professor  doktor Şükrü Akalın, dosent doktor Seyfəddin Altaylı və bir çox elm adamları da var idi.

Sonda qonaqlar bir daha təşkilatçılığa görə Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynliyə, Ümumi işlər üzrə prorektor Günhan Hüseynliyə, Tədris işləri üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru Nigar Hüseynovaya, Elm və Xarici Əlaqələr üzrə Prorektor, siyasi elmlər doktoru Səyavuş Qasımlıya təşəkkür etdilər. Tədbirin sonunda isə Simpoziumun həmsədri və koordinatoru, professor-doktor Gülay Mirzaoğlu, tədbirin təşkilində müstəsna xidməti olan siyasi elmlər doktoru, Səyavuş Qasımlıya  təşəkkür plaketi təqdim etdi. Bununla da, Bakı Biznes Mərkəzində təşkil olunan Azərbaycan-Türkiyə Dil və Mədəmi Əlaqələr Beynəlxalq Simpoziumunun rəsmi hissəsi başa çatdı.

Qısa fasilədən sonra isə simpoziumun bədii hissəsində tar və kamanın müşayiəti ilə Azərbaycan muğamı səsləndi. Qonaqların xüsusi zövqlə dinlədikləri muğam ifası alqışla qarşılandı.

Nahar fasiləsindən sonra simpoziumun ikinci hissəsi Bakı Avrasiya Universitetinin akt zalında davam etdi.