Səudiyyəli diplomat BAAU-da olub

04.12.2018

Bu gün Səudiyyə Ərəbistanının Azərbaycandakı Müvəqqəti işlər vəkili cənab Mamduh Moafak Aljarboo Bakı Avrasiya Universitetində olub. Qonaq ilkin olaraq universitetin rektoru professor Nazim Hüseynli ilə görüşüb. Xoş qarşılanma və isti münasibət üçün təşəkkür edən cənab Mamduh Moafak Aljarboo universitetlərlə əlaqələrə hər zaman diqqət ayırdığını bildirib. O, ölkəsinin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu deyərək, ölkələrimiz arasındakı əlaqələrin sonradan ikitərəfli və çoxtərəfli müqavilələrlə daha da möhkəmləndirildiyini bildirib. Diplomat həmçinin Azərbaycanda ərəb dilinin öyrədilməsi istiqamətində də təhsil ocaqları ilə  əməkdaşlıq etməyə hazır olduqlarını qeyd edib.

BAAU-nun rektoru diplomata universitetin fəaliyyəti, bakalavr, magistratura və doktorantura səviyyəsində kadr hazırlığı barədə məlumat verib. Eyni zamanda bildirib ki, universitetdə bəzi ixtisaslarda ərəb dili əhatəli şəkildə tədris olunur. N.Hüseynli ərəb dilinin tədrisinə rəhbərlik etdiyi təhsil ocağında 1994-cü ildən başlanıldığını və bu sahədə universitetin böyük təcrübəsi və kifayət qədər bacarıqlı kadrları olduğunu vurğulayıb və artıq bununla bağlı BAAU-nun özünəməxsus bir ənənə formalaşdırdığını bildirib. Rektor ərəb dilinin tədrisinə və səfirliklə BAAU arasında əlaqələrin inkişafına göstərdiyi dəstəyə görə  Müvəqqəti işlər vəkili cənab Mamduh Moafak Aljarboonun təşəkkürnamə ilə təltif olunması barədə qərar qəbul olunduğunu deyib. O, sonra təşəkkürnaməni Müvəqqəti işlər vəkilinə təqdim edib.

Daha sonra tərəflər BAAU-nun tərkibində “Ərəb dili” mərkəzinin açılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Müvəqqəti işlər vəkili cənab Mamduh Moafak Aljarboo rektorla görüşdən sonra universitetlə yaxından tanış olub. Ərəb dilinin tədris olunduğu fənn kabinetinə baxıb, tələbələrin çıxışlarını dinləyib.