Bilik Fondu və Bakı Avrasiya Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı

25.12.2018

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Bakı Avrasiya Universiteti arasında Anlaşma Memorandumunun imzalanmasına dair tədbir keçirilib.

Qonaqları və iştirakçıları salamlayan Bakı Avrasiya Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynli imzalanmış Memorandumun hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İcraçı Direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurum haqqında, eyni zamanda Memorandumunun predmeti, əsas əməkdaşlıq sahələri, tərəflərin öhdəlikləri və yekun müddəalar barədə məlumat verdi. Oqtay Səmədov onu da qeyd etdi ki, Fondun əsas missiyası ölkə əhalisinin maarifləndirilməsi, Azərbaycançılıq məfkurəsinin təbliği, gənc nəslin sağlam ruhda formalaşmasına dəstək olmaqdır. 76 rayonda Fondun Nümayəndəliyinin olduğuna diqqət çəkən qonaq vurğuladı ki, bölgələrdə universitetlərimizin tanınması layihəsi öz müsbət nəticəsini verib. Sosial yönümlü video çarxların çəkilməsi istiqamətində də əməkdaşlığımızın fayda verəcəyini vurğulayan Oqtay Səmədov gələcəkdə bu sahədə əməkdaşlığın genişlənəcəyinə, layihənin səmərəli nəticələr verəcəyinə əmin olduğunu bildirdi.

Tədbir çərçivəsində müzakirə olunan önəmli məsələlərdən biri də Bakı Avrasiya Universitetində pulsuz dövlət qulluğuna hazırlıq kurslarının təşkil oluna biləcəyi məsələsi idi. Qeyd olundu ki, çox qısa zamanda Bakı Avrasiya Universitetində heç bir ödəniş olmadan, Bilik Fondunun dəstəyi ilə dövlət qulluğuna hazırlıq kurslarına start veriləcək.

Sonda tərəflər arasında həyata keçirilən tədbirlərin Fondun və Universitetin maliyyə, maddi-texniki və informasiya dəstəyi ilə baş tutacağına, əldə olunmuş elmi nəticələrin, yaradıcılıq məhsullarının və digər bu kimi vəsaitlərin qarşılıqlı razılaşma yolu ilə istifadə olunacağına dair razılıq əldə olunub.

Daha sonra professor Nazim Hüseynli qonağa öz hədiyyəsini təqdim etdi.