Bakı Avrasiya Universiteti nəcib təşəbbüsə imza atdı

27.12.2018

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə Azərbaycan Talassemiya Federasiyası və Mərkəzi Qan Bankının təşkilatçılığı ilə Bakı Avrasiya Universitetində qanvermə aksiyası təşkil olunub. “Qan Ver, Yaşat” devizi altında keçirilən aksiyaya universitetinin professor, müəllim və tələbə heyəti qatılıb. Məqsəd, talassemiyalı xəstələrə qan verməklə, onların sağlam yaşamaları, eyni zamanda qana ehtiyacı olan bir çox xəstələrə yardım göstərməkdir.

 Əvvəlcə Mərkəzi Qan Bankının həkimi Günel Əliyeva, talassemiya xəstəliyi haqqında məlumat verdi. Qanvermənin könüllü olduğunu deyən həkim, istənilən müəllim və tələbələrin tibbi yoxlanışdan keçdikdən sonra bu aksiyada iştirak edə biləcəyini vurğuladı. Daha sonra Azərbaycan Talassemiya Federasiyasının vitse-prezidenti Fuad Rəsul çıxış edərək, bu nəcib təşəbbüsdə zəhməti olan hər kəsə təşəkkür etdi, qanvermənin nə qədər vacib olduğunu və insan sağlamlığı üçün nə dərəcədə faydalı olduğunu diqqətə çatdırdı.

 Səhər saatlarında başlayan qanvermə prosesi saat 16:00-dək davam etdi. Bu vaxt ərzində müəllim və tələbə heyətindən ümumilikdə 100-dən artıq donor iştirak etdi. Mərkəzi Qan Bankının nümayəndəsinin verdiyi məlumata görə, nəzərdə tutulan qan toplandı və bu aksiyada iştiraka görə professor, müəllim və tələbə heyətinə təşəkkür edərək, toplanmış qanın aidiyyatı üzrə istifadə olunacağını bildirdi.