Bakı Avrasiya Universitetində Ərəbşünaslıq mərkəzi təsis edildi

06.02.2019

06 fevral tarixində Bakı Avrasiya Universiteti və Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəz arasında Azərbaycanda Ərəbşünaslıq Mərkəzinin təsis edilməsi haqqında müqavilə imzalanıb. Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həməd bin Abdullah bin Xudeyrin başçılığı ilə bir qrup nümayəndə heyəti Bakı Avrasiya Universitetində olub. Tədbirdə Ərəb dilinə Xidmət Mərkəzinin baş katibi doktor Abdullah əl-Vəşmi, Ərəb dilinə Xidmət Mərkəzinin nümayəndəsi doktor İbrahim Əbanmi, Məhəmməd əl-Mübarək, Abdullah bin Dirman da iştirak ediblər.

Əvvəlcə universitetin rektoru, professor Nazim Hüseynli qonaqları dəyirmi masaya dəvət edib. Səmimi söhbət əsnasında keçən diskussiya zamanı professor Nazim Hüseynli qonaqlara universitet haqqında məlumat verib. Daha sonra Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Həməd bin Abdullah bin Xudeyr universitetdə yaradılan xoş və səmimi münasibətə görə professor Nazim Hüseynliyə təşəkkürünü bildirib.

Sonra tədbirin əsas hissəsi akt zalında davam edib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Nazim Hüseynli öncə qonaqlara, cənab səfirə və onun nümayəndə heyətinə salamlarını çatdırıb. Qısa məlumatdan sonra Ərəbşünaslıq Mərkəzinin fəaliyyət istiqaməti və görüləcək işlər qonaqların diqqətinə çatdırılıb.

Növbəti çıxış üçün söz səfir Həməd bin Abdullah Xudeyrə verilib. Səfir universitetdə yaradılan belə bir Mərkəzə görə cənab rektora, professor və müəllim heyətinə təşəkkür edərək bildirib ki, gələcək fəaliyyətin uğurlu olması üçün lazımi tədbirlər görüləcək. Təhsil sahəsindəki əməkdaşlığın gələcək işlərin uğurlu olması üçün mühüm rol oynadığını bildirən cənab səfir bu gündən etibarən əlaqələrin rəsmi status aldığını qeyd edib. Cənab səfir onu da qeyd edib ki, Ərəb Dilinə Xidmət Mərkəzinin açılması daha çox iş görməyimizə şərait yaradacaq.

Daha sonra çıxış üçün söz Ərəb Dilinə Xidmət Mərkəzinin baş katibi Abdullah əl-Vəşmiyə verilib. O, Azərbaycanda olduğundan məmnunluğunu bildirərək, Bakı Avrasiya Universitetində belə bir Mərkəzin təsis edilməsini yüksək dəyərləndirib.

Nəhayət, hər iki tərəfin iştirakı ilə Ərəbşünaslıq Mərkəzinin təsis edilməsi haqqında müqavilənin imzalanması mərasimi baş tutub. Bu Mərkəzin təsis edilməsində əsas məqsəd ərəb dilinin tədrisi, eyni zamanda, beynəlxalq konfransların təşkili, ərəbdilli müəllim və professor heyətini Mərkəzə cəlb etməkdir. Həmçinin elmi-mədəni sahədə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığı inkişaf etdirmək, ölkəmizdə və Orta Asiyada ərəb dilinin tədrisini inkişaf etdirmək, Ərəb-Azərbaycan, Azərbaycan-Ərəb dillərinə tərcümə çərçivəsini genişləndirmək, elmi araşdırma, ərəbdilli kitabların nəşri və bu sahədə yaradıcılıq fəaliyyətinə dəstək göstərməkdir.

Mərkəzin açılışından sonra professor Nazim Hüseynli öz hədiyyəsini qonaqlara təqdim etdi. Qonaqlar da öz növbəsində xüsusi ornamentlərlə bəzədilmiş hədiyyələrini universitetin rektoruna təqdim etdilər.

Tədbirin sonunda çıxış edən Universitetin Elm və Xarici Əlaqələr üzrə prorektoru, siyasi elmlər doktoru Səyavuş Qasımov bir daha tədbirin iştirakçılarına təşəkkür edərək Mərkəzin təsis edilməsində iştirak edən hər kəsə minnətdarlığını bildirdi və bu istiqamətdə mühüm addımlardan biri kimi xaricdə təhsil alan tələbələrə də xüsusi təqaüdlərin verilməsi məsələsini gündəmə gətirdi. O, digər mühüm məsələlərdən biri kimi Azərbaycan dilindən Ərəb dilinə kitabların tərcümə olunmasında ölkəmizdəki ərəb dili üzrə professorların da bu işə cəlb olunmasını vacibliyini vurğuladı.

Tədbir tələbələrin ərəb dilində mahnı və şeir təqdimatı ilə sona çatdı.