Bakı Avrasiya Universitetinin ərəb dili üzrə təhsil alan tələbələri üçün təlim təşkil olunub

26.02.2019

Fevralın 22-də Bakı Avrasiya Universitetində Tərcüməçinin peşə  etikası mövzusunda təlim keçirilmişdir. Universitetin ərəb dili üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulan təlim Ərəbdilli tərcüməçilərin tərcümə məktəbi layihəsi çərçivəsində təşkil olunmuşdur.

Təlimi universitetinin ərəb dili müəlliməsi, Azərbaycan Ərəbşünaslar Şəbəkəsinin təsisçisi Aynur Məmmədova və layihənin müəllifi, gənc ərəbşünas  Gülarə Əliyeva aparmışdır. Təlim prosesində iştirakçı olan 17 tələbəyə müasir tərcümə peşəsinin xüsusiyyətlərindən, peşəkar tərcüməçinin tərcümə prosesində qarşılaşdığı çətinliklərdən danışılmış, onlara peşəkar tərcümənin riayət etməli olduğu etik kodekslər və tərcüməçinin hüquq və vəzifələri izah edilmişdir.

Daha sonra tələbələr qruplara bölünərək Peşəkar tərcüməçi necə olmalıdır mövzusu ətrafında müzakirələr aparmışlar. Təlimin sonunda müzakirələrin nəticəsi qrup üzvləri tərəfindən səsləndirilmişdir.

Azərbaycan  Respublikasının Prezidenti yanında Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş layihə fondun maliyyə dəstəyi ilə həyata keçirilmişdir.