Bakı Avrasiya Universitetində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

26.02.2019

Fevralın 26-da səhər saatlarında paytaxtın Sahil metro stansiyası yaxınlığından Xətai metro stansiyası qarşısındakı Ana harayı abidəsinə qədər olan məsafəyə yürüş təşkil olunub. Bakı Avrasiya Universitetinin kollektivi də, Universitetin Ümumi İşlər üzrə prorektoru Günhan Hüseynlinin rəhbərliyi ilə həmin yürüşdə iştirak edib. Universitetin professor, müəllim və tələbə heyəti Ana harayı abidəsinin önünə gül dəstəsi düzüb, abidə qarşısında sayğı duruşu edərək, faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib. Yürüşdən sonra tədbir Universitetin akt zalında davam edib.

Xocalı əsrin faciəsidir mövzusunda təşkil olunan tədbiri giriş sözü ilə açıq elan edən universitetin Tədris İşləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Hüseynova 27 il öncə xalqımıza qarşı törədilən faciədən danışıb. O, mənfur düşmənin, erməni silahlılarının əliyalın, silahsız olan Xocalı sakinlərinə qarşı törədilən bu faciəni əsrin faciəsi adlandırıb. Törədilən bu soyqırımı zamanı qadın, uşaq, qoca demədən hər kəsi qətlə yetirən erməni silahlı birləşmələri, təkcə insanları deyil, eləcə də, elm ocaqlarını, mədəni abidələri, məktəbləri və məscidləri məhv ediblər. Baş verən hadisədən ürək ağrısı ilə danışan Nigar Hüseynova dünyasını dəyişən bütün şəhidlərə Allahdan rəhmət diləyib, eləcə də, Xocalıda törədilmiş qətliam zamanı ailəsini və yaxınlarını itirən şəxslərə Allahdan səbir diləyib.

Növbəti çıxış üçün söz, universitetin Elm və Beynəlxalq Əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımova verilib. Xocalıda baş vermiş qətliamı XX əsrin faciəsi adlandıran prorektor qeyd edib ki, hadisə zamanı lentə alınan görüntülərdən erməni vandallarının vəhşiliyi açıq aydın hiss olunur. Belə bir hadisədən təsirləndiyini dilə gətirən Səyavuş Qasımov, erməni hərbi birləşmələrinin qısa zamanda layiqli cavab alacaqlarına əminliyini bildirib.

Daha sonra çıxış üçün söz, Xocalı faciəsinin canlı şahidi olan pilot Bayram Muxtarova verilib. O da, 27 il bundan əvvəl baş vermiş hadisənin canlı şahidi kimi, həmin anları xatırlayıb və eyni zamanda, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib. Həmin anları xatırlamağın nə dərəcədə çətin olduğunu bildirən Bayram Muxtarov canlı şahid kimi hadisədən ürək ağrısı ilə danışıb.

Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı  Erməni silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı barədə məlumat verib. O, diqqətə çatdırıb ki, Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Tədbir Xocalı əsrin faciəsidir adlı esse yarışması qaliblərinin elan edilməsi və qaliblərin esselərinin dinləməsi ilə davam etdirilib. Tələbələr arasında esse yarışmasında birinci yerə Cabbarova Gülnar, ikinci yerə Əhmədli Ləman, üçüncü yerə isə Məhəmmədova Ləman layiq görülüblər. Qaliblərə mükafat və təltifnamələri universitetin Tədris İşləri üzrə prorektoru Nigar Hüseynova, Elm və Beynəlxalq Əlaqələr üzrə prorektor Səyavuş Qasımov təqdim ediblər.

Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.