Bakı Avrasiya Universitetində şəhidlərin xatirəsi anılıb

15.03.2019

Universitetin akt zalında baş tutan tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Professor, müəllim və tələbələrin iştirakı ilə keçirilən tədbirdə universitetin bir qrup tələbələri 20 yanvar, Xocalı, aprel şəhidləri, ümumilikdə Qarabağ uğrunda canlarını fəda edən şəhidlərimiz haqqında səhnəcik hazırlayıblar. Yüksək aktyorluq bacarığını nümayiş etdirən tələbələr, şəhidlər haqqında şeirlər, ağılar söyləyərək, həmin anların ağrı acısını zalda oturanlara çatdırıb, bu tarixin heç vaxt unudulmaması üçün çağırışlar ediblər. Universitetə dəvət olunan müğənnilərin ifasında vətənə, Qarabağa, şəhidlərə aid olan ifaları ilə tədbir iştirakçılarını kövrəldiblər. Həzin notlara toxunan ifaçılar öz musiqilərində ”Şəhidlər ölməz – vətən bölünməz” deyərək çağırışlar ediblər. Səhnəciklər arasında ən təsirli məqam isə Xocalıda törədilən qətliamın səhnələşdirilməsi fraqmenti olub.

Daha sonra tədbir Qarabağ uğrunda döyüşlərdə fədakarlıq göstərərək şəhid olan Milli qəhrəman Koroğlu Rəhimovun abidəsi önünə gül dəstələrinin düzülməsi ilə davam edib. Sonra bir qrup müəllim və tələbə heyəti Şəhidlər Xiyabanına yollanıb. Burada şəhidlərin məzarı qarşısına gül çiçək dəstələri düzülüb, ruhlarına dualar oxuyublar. Sonra isə səhnəciyin qurulmasında və tədbirin keçirilməsində iştirak edən bir qrup tələbə təşəkkürnamə ilə təltif ediliblər.