Bakı Avrasiya Universitetində Novruz təntənəsi

18.03.2019

Bakı Avrasiya Universitetində Novruz bayramı ilə bağlı tədbir keçirilib. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə universitetin professor-müəllim heyəti, o cümlədən universitetin Tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Hüseynova da iştirak edib. Tədbiri giriş sözü ilə açan Nigar Hüseynova, universitetin rektoru, professor Nazim Hüseynlinin salam və təbriklərini tədbir iştirakçılarına çatdırdı.

Yurdumuza bahar gəlir - adlı tədbirdə bir-birindən maraqlı anlar yaşandı. Öncə Novruzun simvolu olan səməni, daha sonra isə Dədə Qorqud və Bahar qız zala daxil olublar. Tədbirin ən maraqlı və yadda qalan hissəsi isə Novruzun atributlarından sayılan keçəl və kosanın iştirakları oldu. Kosa-kosa, Qodu-qodu rəqsləri, yumurta döyüşməsi səhnəsi isə tədbiri daha da maraqlı edib. Milli geyimlərdə xüsusi ornamentlərlə bəzədilmiş xonçalarla rəqs edən qızlar isə Hakışta səhnəciyi ilə tədbirə rəng qatıblar.

Daha sonra şeirlər səsləndirilib, Novruza aid mahnılar oxunulub. Universitetin Filologiya fakültəsinin tələbələrinin hazırladıqları Novruz səhnəciyi isə tədbirə qatılanların üzündə təbəssüm yaratdı. Tələbələrdən ibarət rəqs kollektivi yallı gedərək, keçəl və kosanın xurcununu doldurublar. Tələbələr Novruza aid mahnıları da xüsusi məharətlə ifa ediblər. Sonda ifa edilən Qarabağ şikəstəsi zalda böyük coşqu ilə qarşılanıb. Tədbirin sonunda iştirakçıları Novruz şirniyyatları olan paxlava, şəkərbura paylandı. Tədbir maraqlı görüntülərlə yadda qaldı.