Bakı Avrasiya Universitetində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

04.05.2019

 

Bakı Avrasiya Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar “Heydər Əliyev və Dövlətçilik” mövzusunda tədbir keçirilib.

Tədbirdə universitetin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynli, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon Təşkilatının sədri Təmraz Tağıyev, bu ali təhsil ocağının ümumi işlər üzrə prorektoru Günhan Hüseynli, xarici əlaqələr üzrə prorektor, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov, professor-müəllim heyəti iştirak edib.

Universitetin konfrans zalında keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Nazim Hüseynli tarixə bir qədər nəzər salaraq bildirdi ki, tarixin tale yüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi böyük tarixi şəxsiyyətlərin üzərinə düşür. Bu tarixi şəxsiyyətlər bütün varlıqları ilə doğma vətənə bağlı olurlar. Belə tarixi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. Dünyanın ən qüdrətli simaları sırasına yüksələn Ulu Öndərimiz ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən ən yaxşı çıxış yolu tapmaq bacarığına malik fenomenal şəxsiyyət kimi hər birimizin qəlbində yaşayır.

          Ötən əsrin 90-cı illərin əvvəllərində dövlət müstəqilliyimizin itirilməsi təhlükəsi qarşısında qaldığı bir vaxtda xalq ümid yeri kimi üzünü Ulu Öndərə tutdu və dahi şəxsiyyətin bilik və bacarığı, uzaqğörən siyasəti nəticəsində vətənimiz xilas olundu.

          Daha sonra söz Yeni Azərbaycan Partiyası Nərimanov rayon Təşkilatının sədri Təmraz Tağıyev bildirdi ki, bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. Bütün ruhu, varlığı ilə öz xalqına, elinə-obasına bağlı olan Ümummilli Lider bir-birinə zidd olan siyasi quruluşlarda fəaliyyət göstərsə də, həmişə xalqını fikirləşib, onun gələcək müstəqilliyi naminə çalışıb. “Azərbaycanın dövlət müstəqilliyi sarsılmaz və dönməzdir”-, deyən ulu öndər Heydət Əliyev bütün həyat və fəaliyyətini ölkəmizin müstəqilliyinə, xalqımızın rifahına həsr edib.

          Universitetin xarici əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov qeyd edib ki, Ulu Öndər 1969-cu ildə respublika rəhbərliyinə gəlişi ilə ölkədəki tənəzzül prosesinin qarşısını alıb, inkişafa nail olubdursa, 1993-cü ildə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycanı fəlakətdən xilas edərək demokratik, hüquqi və sürətlə inkişaf edən dünyəvi dövlətə çevirib. Ulu öndərimizin müdrikliyi, qətiyyəti, iradəsi sayəsində dövlət müstəqilliyimiz sarsılmaz və dönməz olub.

          Sonda ulu öndər haqqında fikirlərini paylaşmaq üçün universitetin Tədris Departamentinin rəhbəri Mənsim Məmmədov və filologiya fakültəsinin dekanı Salman Süleymanov da çıxış ediblər.