Bakı Avrasiya Universitetində Mənim Ulu Öndərim adlı inşa yarışması keçirilib

07.05.2019

Bakı Avrasiya Universitetində Nərimanov rayonu ərazisində yerləşən orta ixtisas təhsil müəssisələri şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Mənim Ulu Öndərim adlı inşa yarışması keçirilib. Tədbirdə universitetin ümumi işlər üzrə prorektoru Günhan Hüseynli, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, universitetin Tədris İşləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Hüseynova da iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan tədris işləri üzrə prorektor Nigar Hüseynova qonaqları və məktəbliləri salamlayaraq onlara uğurlar arzuladı.

Daha sonra çıxış üçün söz Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzova verildi. Nəcəf müəllim də öz növbəsində iştirakçı tələbələrə uğur arzulayaraq, onlara gələcək fəaliyyətlərində, ixtisas seçimlərində, həmçinin ali təhsil aldıqları zaman öz bilik və bacarıqlarını nümayiş etdirməkdən çəkinməməyi tövsiyə etdi.

Daha sonra Nəcəf Novruzova Bakı Avrasiya Universiteti adından şagirdlərə göstərilən diqqətə görə Tələbələrin dostu mükafatı təqdim olundu. Tədbirin davamında iştirak edən bütün şagirdlərə xüsusi sertifikat və təşəkkürnamə verildi.

Nəhayət tədbirin sonunda birinci, ikinci və üçüncü yerlərin qaliblərinin adları açıqlandı. Beləliklə 1-ci yerin qalibi 178 saylı məktəbin şagirdi Nəvai Babazadə, 2-ci yerin qalibi 45 saylı məktəbin şagirdi Türkan Nəcəfova və 3-cü yerin qalibi isə 304 saylı məktəbin şagirdi Ələsgər Ələsgərov müəyyən edildi. Qaliblərə medallar və hədiyyələr təqdim olundu. Xüsusi hədiyyələri isə universitetin Ümumi işlər üzrə prorektoru Günhan Hüseynli, Nərimanov rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov və universitetin Tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Hüseynova təqdim etdilər.