Şuşanın işğalından 27 il keçir

09.05.2019

Bakı Avrasiya Universitetində Şuşanın işğalının 27-ci ildönümü münasibətilə tədbir təşkil olunub.

Tədbirdə universitetin tədris İşləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Hüseynova, tədrisin təşkili departamentinin rəhbəri Mənsim Məmmədov, tərcümə kafedrasının müdiri Sevda Rzayeva və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən ingilis dili fakültəsinin tələbələrinin ingilis dilində məruzələri dinlənilib, Şuşanın tarixi, oradakı dağıdılmış mədəniyyət və incəsənət nümunələri barədə məlumat verilib. Bildirilib ki, mənfur erməni hərbi birləşmələri 1992-ci ilin 8 may tarixində Şuşaya amansız hücum edərək şəhəri artilleriya atəşinə məruz qoyub, yerli əhalini öldürüb, oradakı tarixi abidələri yerlə yeksan ediblər.

Şuşanı musiqinin beşiyi adlandıran tədbir iştirakçıları bildiriblər ki, erməni daşnakları həmin gecə musiqimizlə, incəsənətimizlə bağlı olan bir çox təhsil müəssisələrini, musiqi məktəblərini, məscidləri, kitabxanaları, elm ocaqlarını talan edərək yer üzündən siliblər.

Sonda Şuşa ilə bağlı görüntülər nümayiş olunub.