Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir

09.05.2019

Azərbaycan Milli QHT Forumunun (MQF) təşkilatçılığı ilə Bakı Avrasiya Universitetində (BAAU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev və vətəndaş cəmiyyəti" mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan BAAU-nun  tədris departamentinin müdiri Mənsim Məmmədov ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar universitetdə keçirilən silsilə tədbirlər barədə məlumat verib.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni Azərbaycan xalqının görkəmli oğlu, böyük dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranmasında və formalaşmasında müstəsna xidmətlərindən bəhs edib. R. Zeyni Ulu Öndərin ölkədə sabitliyin əldə olunmasında, gənclərin xaricdə təhsil almasında, müasir Azərbaycan dilinin inkişafında, Azərbaycan Respublikasının aqrar ölkədən sənaye ölkəsinə çevrilməsində və digər sahələrdə göstərdiyi tarixi xidmətlərindən danışıb. O, ulu öndər Heydər Əliyev fenomeninin araşdırılmasına böyük ehtiyac olduğunu bildirib.

Tədbirdə digər çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıblar.