Bakı Avrasiya Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət edib

11.05.2019

Azərbaycanın görkəmli siyasi xadimi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 ili tamam olur. Bu münasibətlə Bakı Avrasiya Universitetinin ümumi işlər üzrə prorektoru Günhan Hüseynli, tədris işləri üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Hüseynova, elm və beynəlxalq əlaqələr üzrə prorektor, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov, tədrisin təşkili departamentinin rəhbəri Mənsim Məmmədov, eləcə də universitetin bir qrup professor və müəllim heyəti Fəxri xiyabanda Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Respublikamızın hər bir guşəsində bu tarix Azərbaycanın ən şərəfli tarixi günlərindən biri kimi qeyd olunur. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev ölkəmizin bütün sahələrinin inkişafına göstərdiyi xidmətlərinə görə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşüb. Bu dahi siyasətçinin adı xalqımızın iftixar və qürur mənbəyidir. Onun vətənimiz üçün gördüyü işlər daim yaddaşlardadır. Böyük liderimizin xatirəsi hər zaman anılır və əziz tutulur.