Nərimanov rayonunda "Yaradıcılıq zirvəsini fəth edək!" adlı yaradıcılıq müsabiqəsinin təşkili layihəsinin açılışı olub

26.05.2019

Bakı Avrasiya Universitetində Yaradıcılıq zirvəsini fəth edək! yaradıcılıq müsabiqəsinin təşkili layihəsinin açılış mərasimi və ilk seçim turu keçirilib.

Müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Yeni Gələcək Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Açılış mərasimində Yeni Gələcək Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, Bakı Avrasiya Universitetinin rektorluğunun mütəxəssisi Kamil Məhəmmədli, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimləri Səbinə İsmayılova, Nəbi Quliyev və 45 fəal gənc iştirak ediblər.

 Əvvəlcə qonaqları salamlayan Bakı Avrasiya Universitetinin rektorluğun mütəxəssisi Kamil Məhəmmədli tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışıb. Qeyd edilib ki, ölkəmizin hər yerində yaradıcı gənclərə rast gəlmək mümkündür. Cəmiyyətimiz gənclərə ehtiyac duyur, buna görə onlar üçün hər bir şərait yaradılır. Ölkəmizin sosial, iqtisadi, mədəni inkişafında əlbəttə ki, gənclərin böyük rolu var.

Sonra Yeni Gələcək Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirib ki, layihənin əsas məqsədi milli musiqi tariximizi yaşatmaq, milli mədəniyyəti və incəsənəti təbliğ etmək, gənclərin istedadların üzə çıxarılması üçün əlverişli şəraitin yaradılması və onların yaradıcılığına diqqətin artırılmasıdır. Qeyd edilib ki, yaradıcı gənclərin formalaşmasının başlanğıc təməli ictimai məktəblərdən, ali təhsil müəssisələrindən qoyulur. Hər bir gəncin kiçik yaşlarından əldə etmək istədiyi, dəyər verdiyi və onun reallaşmasına can atdığı arzuları, eləcə dəı xüsusi qabiliyyət və bacarıqları vardır ki, onların hesabına yaradıcı gənc kimi formalaşmağa başlayırlar.

Daha sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov vurğulayıb ki, gənclərin vətənpərvər ruhlu yetişməsində, dövlətə qayğı göstərməsində, yaradıcı kimi formalaşıb cəmiyyət içərisində yararlana bilməsində ən böyük dəstəkçisi xalqın özüdür. Bu o xalqdır ki, keçmişdən bəri Vətən uğrunda döyüşüb, öz var gücünü əsirgəməyib. Bu o xalqdır ki, sadəcə qəhrəman titulu vermək yetməz. Gənclər də xalqın, vətənin gələcəyinin göstəriciləridir.

Çıxışlardan sonra layihənin seçim turuna start verilib. Seçim turunda gənclər bir neçə nominasiyalar üzrə öz istedadlarını nümayiş etdiriblər. Layihəyə 14-29 yaşlı ali, orta ixtisas və orta təhsil müəssisələrinin gəncləri qatılıblar.

Qeyd edək ki, layihə çərçivəsində 5 seçim turu və nəticələrə uyğun olaraq qala konserti təşkil ediləcək.