6-cı Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu işə başlayıb

13.06.2019

Bu gün Bakıda 6-cı Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu öz işinə başlayıb.

Caspian Biznes Otelin konfrans zalında start verilən tədbiri giriş sözü ilə Bakı Avrasiya Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynli açıq elan etdi. Bakı Avrasiya Universitetinin ev sahibliyi etdiyi Simpoziumda çıxış edən professor Nazim Hüseynli qonaqları salamlayaraq tədbirin əsas məqsədini açıqladı.

Qeyd edək ki, tədbirdə Niğdə Ömər Halisdəmir Universitetinin rektoru Muhsin Kar, Qazax Qızlar Pedaqoji Milli Universitetinin rektoru Professor Gauhar Aldambergenova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Hikmət Babaoğlu, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu və digər tanınmış elm xadimləri də iştirak edir.

Çıxış edən qonaqlar Bakıda təşkil olunan sayca altıncısı olan Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda iştirakdan məmnunluqlarını dilə gətiriblər. Onlar tədbirin təşkil olunmasına görə Bakı Avrasiya Universitetinin professor- müəllim heyətinə və şəxsən universitetin rektoru professor Nazim Hüseynliyə öz təşəkkürlərini bildiriblər.

İki saat davam edən Simpoziumun ardından qonaqlar Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Türk Dünyasının dili, ədəbiyyatı, tarixi, incəsənəti, maddi və mənəvi dəyərləri kimi humanitar elmlərin hər bir sahəsi ilə bağlı elmi tədqiqatlarda ortaq bir iş aparmaq məqsədilə təşkil edilən Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun Bakıda keçirilməsi çox əlamətdar bir hadisə kimi qiymətləndirilib.

Tədbir axşam saatlarında "Kökümüz bir-Türkük" Qala Festivalı ilə davam edəcək. Simpozium 3 gün davam edəcək (13-15 iyun).