Bakı Avrasiya Universitetində “Sabahımız naminə narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

16.12.2019

Dekabrın 16-da Bakı Avrasiya Universitetində (BAAU) “Sabahımız naminə narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib. Tədbir Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı İlə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində təşkil olunub.

Tədbirdə BAAU rektorunun köməkçisi  Şəfayət Əliyev bildirib ki, hər birimiz  bir fərd olaraq əsrimizin bəlasına çevrilmiş narkomaniyaya qarşı düşüncəli şəkildə mübarizə aparmalı və tələbələrə zərərli  vərdişlərdən uzaq durmağa səsləməliyik. O, eyni zamanda, müasir gəncliyin bu kimi xətalara yol verməsindən narahatçılığını ifadə edib.

Sonra Nərimanov Rayon İcra Hakimiyyətinin Narkotiklərlə Mübarizə Komissiyasının məsul katibi Nicat Məmmədov müvafiq istiqamətdə rayon üzrə mütəmadi olaraq görülən işlərdən danışıb , illik hesabatdan vacib məqamları tələbələrin diqqətinə çatdırıb.

Daha sonra Nərimanov rayon Polis İdarəsinin inspektoru, polis kapitanı İsmayıl Nəsibzadə gündəlik təcrübəsində rast gəldiyi hadisələrdən bəhs edib, narkomaniyanın həyatımıza vurduğu acı həyat lövhələrindən danışıb.

Tədbirdə iştirak edən Nərimanov rayon Polis İdarəsinin sahə inspektoru, polis kapitanı Nicat Məhərrəmov  işgüzar fəaliyyətində, eyni zamanda, rayon ərazisində yerləşən ali və orta ixtisas tələbələri ilə daim təmasda olduğunu, problemlərin də məhz  məişət hadisələrindən yarandığını diqqətə çatdırıb, müvafiq istiqamətdə maarifləndirici işlərin daha çox sayda aparılmasının vacibliyini vurğulayıb.

Tədbir tələbələrin çoxsaylı sualları ilə yekunlaşıb.