Ərəb ölkələrinin səfirləri Bakı Avrasiya Universitetində olub

19.12.2019

Ötən il Bakı Avrasiya Universitetində rəsmi açılışı olan Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzdə “Ərəb Dili” günü münasibətilə ərəb ölkələrinin səfirləri, eləcə də diplomatik nümayəndə heyətləri ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Nazim Hüseynli diplomatik nümayəndə heyətini növbəti dəfə Bakı Avrasiya Universitetində görməkdən məmnunluğunu ifadə edib. Rektor, o cümlədən Bakı Avrasiya Universitetində fəaliyyət göstərən Ərəbşünaslıq Mərkəzinin 1 illik fəaliyyətinə nəzər yetirərək, mərkəzin ölkələrimiz arasındakı elm, təhsil, mədəni əlaqələrin inkişafına böyük tövhə verəcəyinə əminliyini vurğulayıb.

Daha sonra tədbirdə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Həməd bin Abdullah bin Xudeyr çıxış edib. Səfir mərkəzin ərəb dilinin tədris və tədqiqatı sahəsində uğurlu fəaliyyət göstərdiyi haqqında məlumatlı olduğunu bildirib. O, Ərəb Dili gününün məhz BAAU-dakı Mərkəzdə qeyd edilməsindən sevinc hissi duyduğunu qeyd edib. Küveyt və Azərbaycanın dost ölkələr olduğu və əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etdiyi xüsusi vurğulanıb.

Ərəb dili günü münasibətilə tədbirə qatılan Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim, İraqın ölkəmizdəki səfiri Fadil Al-Şuveyli, İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Sami Asem Abdullah Goşe, Sudan Respublikasının ölkəmizdəki səfirinin birinci müavini, Əlcəzair Xalq Demokratik Respublikasının müvəqqəti işlər vəkili Ridha Nebais, Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Abdalla əl-Şəmsi, Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed və digər ölkələrin diplomatik nümayəndə heyəti əvvəlcə Bakı Avrasiya Universitetinin tələbələri tərəfindən hazırlanan möhtəşəm konsert proqramını izləyiblər. Daha sonra isə Mərkəzdə ərəb ölkələrinin  milli mətbəxinə aid təamlar təqdim olunub, adət-ənənələri nümayiş etdirilib.

Tədbirdə Litvanın Azərbaycandakı səfiri cənab Egidiyus Naviskas da qonaq qismində iştirak edib.