Bakı Avrasiya Universitetində 20 Yanvar şəhidləri anılıb

17.01.2020

Yanvarın 16-da Bakı Avrasiya Universitetində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri bir daha anılmış və xalqımızın qan yaddaşında əbədi yaşayacaq bu qanlı faciə qəhrəmanlıq tariximiz kimi vurğulanıb.

Azərbaycanın müstəqillik yollarında uzun və məşəqqətli bir tarix keçdiyini vurğulayan Bakı Avrasiya Universitetinin prorektoru, dosent Səyavuş Qasımov  bildirib ki, 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənərək Bakı küçələrinə və meydanlarına axışan geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Lakin bu faciəli günlər ölkəmizin, xalqımızın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarımız canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar və bugünkü müstəqil Azərbaycanı bizə nəsib etdilər. İllər keçəcək, ancaq 20 Yanvar azadlığımızın şanlı tarixi olaraq qalacaq.

Tədbirdə Bakı Avrasiya Universitetinin kollektivi ilə yanaşı, bu şanlı tarixi birgə anan Azərbaycanın Milli Qeyri-Hökumət Təşkilatları Forumunun əməkdaşları da şanlı tariximizin mərd oğullarını yad ediblər. Azərbaycanın Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni də çıxışında  böyük itkilərlə, eləcə də  günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar tarixi azadlığımızın, müstəqilliyimizin xalqımızın mübarizliyinin, əyilməzliyinin, məğrurluğunun parlaq və silinməz  nümayişi olduğunu qeyd edib.

Sonda 20 Yanvar şəhidlərinə həsr olunan Rafiq Səməndərin “Şəhidlər” kitabı tələbələrə təqdim edilib və 20 Yanvar tarixi səlnaməsi haqqında geniş məlumat verilib.