BAAU-da narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

17.02.2020

Bakı Avrasiya Universitetində “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

 Tədbirdə çıxış edən Bakı Avrasiya Universitetinin nümayəndəsi Şəfayət Avılbəyli bildirib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir: “Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniyası xarakterli deyil, davamlı siyasətdir. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir”.

Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi  Nicat Məmmədov narkomaniyaya qarşı ölkəmizdə davamlı işlər görüldüyünü, əməli işlər aparıldığını bildirib.

Tədbirdə çıxış edən Bakı Avrasiya Universitetinin əməkdaşı Kamil Məhəmmədli vurğulayıb ki, ölkənin ali qanunverici orqanı olan Milli Məclis tərəfindən qəbul edilmiş qanunlara uyğun olaraq dini radikalizmə və erkən nikahlara qarşı geniş tədbirlər həyata keçirilir. Xüsusi olaraq gənclər arasında aparılan təbliğat işləri, bu işlərdə istifadə olunan elmi-kütləvi vasitələr görülən işin effektivliyini daha da artırır. Gənclərə nümayiş etdirilən ədəbiyyatlar, sənədli filmlər maarifləndirmə işində öz sözünü deyir.

Tədbirin sonunda geniş auditoriya diskusiyasına yer verilib. Tələbələr sərbəst olaraq mövzu ətrafında açıq debat aparıblar. Mövzunun aktuallığı baxımından tələbələr bir çox vacib detallara aydınlıq gətirməyə çalışıblar. Belə ki, onlar cəmiyyətin bu bəla ilə mübarizəsində bəzi neqativ halların aradan qaldırılmasını vacib sayıblar. O cümlədən küçə ticarətində olan özbaşınalıq, azyaşlı uşaqlara qadağan olunmuş, ziyanlı qidaların satılması və cəmiyyətin buna göz yumması kimi  ağrılı məsələlər müzakirə edilib. Tədbirin sonunda çoxsaylı sualların bir qismi cavablandırılıb və hər ay bu cür tədbirin keçirilməsi qərara alınıb.