Türkoloji Araşdırmalar Mərkəzi


Mərkəzin yaradılması ideyası universitetin rektoru, professor Nazim Hüseynliyə məxsusdur. 1999-cu il sentyabrın 1-də təsis edilən mərkəzin başlıca vəzifə və funksiyaları ilə yanaşı, fəaliyyət istiqamətləri də müəyyənləşdirilmişdir. Türkoloji Araşdırmalar Mərkəzinin nəzdindəki “Türk Ocağı”nda rəhbərliyin təşəbbüsü ilə Türkiyədən elm adamları, yazıçı və mütəfəkkirlər dəvət olunmuş, elmi-praktik seminar keçirilmişdir.

 

 

Mərkəzdə türkdilli ölkələrin, millət və xalqların bütün sahələr üzrə araşdırılması qruplaşdırılmışdır. Prototürk, Türk, türkdilli millət, xalq və etnik qrupların tarixini, dövlətçiliyi, elm və incəsənəti, mədəniyyəti, təsərrüfat, adət-ənənələrini tədqiq etmək mərkəzin başlıca funksiyasıdır. Burada Türk ədəbiyyatı, dilçiliklə bağlı araşdırmalar, ədib və mütəffəkirlər ilə yanaşı, dövlət xadimləri, ictimai-siyasi liderlərin də həyat və yaradıcılığı, dövlətçilik və idarəçilikdə göstərdiyi əzmkarlıq elmə, faktlara istinadən araşdırılır. Mərkəzdə hər hansı bir anlayışın, terminin, dil qruplarının, türkdilli millət və xalqların ləhçələrində işlənməsi sözlükləri də tərcümə və tərtib edilir. Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq, cari və prespektiv işlərin görülməsi də planlaşdırılmış, tarixi hüquqi kitablar, dastan, sözlük və digər elmi-kütləvi nəşrlər üzərində müntəzəm tədqiqat işləri aparılır.

1. Hakkı Önkal tərəfindən 1992-ci ildə nəşr olunan 303  səhifədən ibarət olmaqla 52 türbəni işıqlandıran “Osmanlı Hanedan Türbələri” adlı kitab üzərində araşdırmalar aparılmışdır. Göstərilən kitab cədvəl tərtib edilməklə işlənilmişdir. Bu kitabın tərcümə, tərtib və çapa hazırlanmasında başlıca məqsəd X-XX əsrlərdə Osmanlı dövlətinin, idarəçiliyin, elm-mədəniyyət, təsərrüfat sahələrində inkişaf tarixini oxuculara çatdırmaqdır. Osmanlı xanədan türbələri inşa edilən zaman memar və rəssamların, mühəndislərin hazırladıqları layihələr və bu layihənin həyata keçirilməsində nüfuzlu şəxslərin yaxından iştirakına da nəşrdə yer verilmişdir.

2. Mərkəzdə araşdırılan Mebrure Tosun və Kadriye Yalvacın birlikdə yazdığı növbəti əsər “Şumer, Babil, Assur kanunları və Ammi Şaduqa Fermanı” adlı kitabdır. Kitab 323 səhifədən ibarətdir. 2002-ci ildə Ankarada nəşr olunmuşdur. Kitabın işlənməsi üçün cədvəl qurulmuş, qanunlarda işlənmiş terminlərin Şumer-Türk, Akkad-Türk və Azəri türkcəsində mənaları verilmişdir. Hazırki dövrümüzdə də həmin terminlər türkdilli xalqların yazı ədəbiyyatı və şifahi danışıqlarında qalmaqdadır. Kitab əlyazma formasında başa çatdırılmış və ilkin variantı elektron formada hazırlanmışdır.

3. Mərkəzdə işlənib-araşdırılması nəzərdə tutulan  növbəti kitab 2 cildlik “Türk ləhcələri sözlüyü” dür. Kitabın 1-ci cildi 1183 səhifədən ibarətdir. 1991-ci Ankarada nəşr olunmuşdur. 502 səhifədən ibarət olan 2-ci cild isə 1992-ci ildə Ankarada çapdan çıxmışdır. Bu sözlükdə işlənən terminlər 8 türkdilli xalqın dilində verilmişdir. Hal-hazırda cədvəl tərtib edilərək 1-ci cildin əlyazması  üzərində iş aparılır.

4. Mərkəzdə araşdırılan növbəti kitab 3 cildlik  “Altay dastanları”dır. İbrahim Dilek tərəfindən çapa hazırlanan bu kitabın 365 səhifədən ibarət olan 1-ci cildində 7 dastan öz əksini tapır. 2002-ci ildə Ankarada çapa hazırlanmışdır. 472 səhifəlik 2-ci cild 2007-ci ildə Ankarada nəşr edilmiş və 9 dastanı əhatə etmişdir. 3-cü cild isə 463 səhifədir, 6 dastanı əhatə edir. Kitab 2007-ci ildə Ankarada işıq üzü görmüşdür.

5. Araşdırmalar Mərkəzində üzərində iş aparılan Mehmet Zeki Pakal tərəfindən hazırlanan 3 cildlik  “Osmanlı Tarix deyimləri və terminləri lüğəti”dir. Lüğətin 1-ci cildi 879 səhifədir, 1993-cü ildə İstanbulda, 2-ci cild 784 səhifədir, 1993-cü ildə İstanbulda çap edilmişdir; 3-cü cild də 1993-cü ildə İstanbulda nəşrə hazırlanmışdır, 670 səhifədir.

6. Araşdırılması zəruri hesab edilən növbəti əsər Ali Püsküloğlunun 2010-cu ildə Ankarada çap etdirdiyi 1121 səhifəlik “Arkadaş Türkcə sözlük” kitabıdır. Lüğət termin baxımından çox zəngin və əhatəlidir. Hazırda əlyazması hazırlanır. Mərkəz aktuallığını nəzərə alıb, bu kitabın azəri oxucularına çatdırılması üçün iş planına daxil etmişdir. Minlərlə termini əhatə edən sözlük tədqiqatçılarla yanaşı, geniş oxucu kütləsi üçün də gərəklidir.

7. Ahmet Cevizci tərəfindən tərtib olunaraq nəşr edilən “Fəlsəfə Terminləri sözlüğü” adlı kitab 476 səhifədən ibarətdir, 2003-cü ildə İstanbulda buraxılmışdır. Bu kitabın da elmi–kütləvi əhəmiyyəti nəzərə alınaraq araşdırılması məqsədəuyğun hesab olunmuşdur. Müəllif tərtib və nəşr etdirdiyi bu kitab bütün dünya filosofları, mütəfəkkir və görkəmli şəxsiyyətləri ilə yanaşı, fəlsəfi terminləri, məktəb və cərəyanları, onların banilərini əhatə edən yaradıcı elmi yanaşma ilə hazırlanmışdır.

 

 

Universitetin ümumi kitabxana fonduna daxil edilmiş, lakin əksəriyyəti Türk dilində olan 710 adda, 1350 sayda kodlaşmış kitab Türkoloji Araşdırmalar Mərkəzinin “Türk ocağı”nda saxlanılır. Bu, oxuculara xidmət işini də asanlaşdırmaq, fondda yaranan sıxlığın qarşısını almaq üçün münasib olmaqla yanaşı, eyni zamanda Türk filologiyasiyası ixtisasına yiyələnən oxucuların da istifadə işini rahatlaşdırır. Belə kitablardan Nazım Hikmətin dörd cildlik əsərlərini, Yunus Əmrənin əsərlərini, Mahmud Kaşğarinin dörd cildlik “Divan-ü Lüğat-it Türk” kitabını digərlərini misal göstərmək olar.

Şumerologiya sahəsində aparılan dərin elmi araşdırmalara mərkəzdə geniş yer verilir. Bakı Avrasiya Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor N.Z.Hüseynlinin uzunmüddətli elmi araşdırmaları bu baxımdan çox diqqətəlayiqdir. Nazim Hüseynlinin Şumer sivilizasiyasına həsr edilmiş elmi yazıları, leksik paralellərə aid kitabları da önəmli vəsaitlərdir.

Bakı Avrasiya Universitetinin təsis etdiyi “Dünyaya baxış” jurnalı elmi-nəzəri və praktik cəhətdən müvafiq sahədə mühüm rol oynamışdır. Hazırda “Sivilizasiya” adlanan elmi-nəzəri jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 06 iyul 2012-ci il (Protokol №10-R) tarixli qərarı ilə aşağıda göstərilən elm sahələri üzrə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil edilmişdir: Tarix, Antropologiya və Siyasi elmlər; Fəlsəfə və Sosiologiya elmləri; Filologiya elmləri; Sənətşünaslıq sahəsi. Professor N.Z. Hüseynlinin rəhbərliyi altında Türkoloji Araşdırmalar Mərkəzi tərəfindən hazırlanan materiallar jurnalın müxtəlif nömrələrində çap olunur.

 


2011-ci ilin martında Bakı Avrasiya Universitetində keçirilən “Qloballaşma şəraitində humanitar elmlərin aktual problemləri” mövzusuna həsr edilmiş Respublika elmi-praktik konfransın materiallarında Şumer tarixini hərtərəfli araşdırmağa çalışan N.Z.Hüseynli “Qloballaşma və sosial-siyasi, hüquqi elmlərin üzərinə düşən vəzifələr” mövzusunda elmi yazısında öz tövsiyələrini irəli sürmüşdür. Professor Nazim Hüseynlinin Jalə Məmmədova ilə birlikdə yazdığı “Türk dillərinin geneologiyası: Şumer və Türk leksik paralelləri” kitabı isə artıq çap edilərək oxuculara təqdim edilib.

Bu sahədə Araşdırmalar Mərkəzi Türk dövlətləri arasında elm, mədəniyyət, səhiyyə əlaqələrinin yaradılmasına dair tədbirlərin keçirilməsi və bir araya gəlmələri haqqında yazıların çapa hazırlanmasına səy göstərir.