BAAU-nun beynəlxalq əlaqələri

 

 

Bakı Avrasiya Universiteti ölkəmizdə  diplomatiya və beynəlxalq əlaqələr üzrə peşəkar kadrların hazırlanmasında mühüm xidmətləri olan ilk ali təhsil ocaqlarından biri olmaqla Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndiyi ilk illərdə və dinamik inkişaf etdiyi bugünlərdə bu sahəyə töhfə verməkdədir. Bu kontekstdə, universitet də müxtəlif ölkələrin ali təhsil müəssisələri ilə, beynəlxalq təşkilatlarla, elm və təhsil sahəsində fəaliyyət göstərən bir sıra yerli və xarici qurumlarla fəal əməkdaşlıq edir, yeni tərəfdaşlar qazanır, proqramlara qoşulur, müvafiq sahədə keçirilən konfranslarda aktiv iştirak edir və yeni əlaqələrin qurulması üçün uğurlu təşəbbüslər irəli sürür.


 

Təşkilatlar


Dünya Diplomatiya Akademiyaları və Beynəlxalq Münasibətlər Universitetləri Birliyi (1996), Mərkəzi və Şərqi Avropa Beynəlxalq Tədqiqatlar Birliyi (1998), MDB ölkələri Beynəlxalq Münasibətlər Universitetləri Assosiasiyası (1999), Qafqaz Universitetləri Birliyi (2013) kimi təşkilatların üzvü olan BAAU bu qurumların işində fəal iştirak edir, elm və təhsil sahəsində, tələbə və müəllim, təcrübə mübadiləsi sahəsində əməkdaşlıqların qurulması, müvafiq istiqamətdə yeni ideyaların və layihələrin hazırlanması, birgə tədbirlərin keçirilməsinə töhfələr verir.

 


Universitetlər

 

BAAU müxtəlif ölkələrin 50-dən çox universitet, akademiya və ali məktəbləri ilə tələbə, müəllim və təcrübə mübadiləsi, elm və təhsil sahəsində əməkdaşlıq, jurnalistika, menecment, komputer mühəndisliyi, dil tədrisi istiqamətində tədbirlər, birgə layihələrin icrası, sertifikat proqramları, tədris-metodiki, mədəni əməkdaşlıq və digər sahələrdə uğurla əməkdaşlıq edir.