Bakı Avrasiya Universiteti

Kitabxana və oxu zalının fəaliyyət istiqamətləri və iş planı


 


Kitabxana universitetin tədris-tərbiyə prosesini, elmi araşdırmaları, ədəbiyyat və informasiya ilə təmin etmək funksiyasını yerinə yetirməklə yanaşı, həm də başlıca struktur sahələrindən biridir. Kitabxana bütün istiqamətlər, elmi sahə və ixtisaslar üzrə biliklərin yayılması, mənəvi və əqli ünsiyyət, mədəniyyət mərkəzidir. Universitet təsis edildiyi vaxtdan kitabxana fəaliyyət göstərir. Kitabxana və oxu zalında müdir, kitabxanaçı və biblioqraf vəzifələrində çalışan əməkdaşlar Azərbaycan Respublikasının  29 Dekabr 1999-cu il tarixli “Kitabxana işi haqqında”  Qanunu,  Respublika Prezidentinin “Kitabxana işi haqqında” respublika qanununun qüvvəyə minməsi haqqında 12 Mart 2000-ci il tarixli fərmanına əsasən, öz işlərini qurur, kitabxanaçılıq fəaliyyətinə dair normativ sənədlərə istinad etməklə, universitetin Nizamnaməsinə üstünlük verirlər.

Kitabxana fondunda son dövrlərədək məhdud tirajla nəşr olunan kitablar nadir  nüsxələr kimi saxlanılır. Bu kitabların oxuculara verilməsi çox ciddi nəzarət altında həyata keçirilir. İki hissəlik “Dede Korkut”  kitabı (1963),  dördcildlik  Nazım Hikmət yaradıcılığı (1967-1968),  Mahmud Kaşğarinin dördcildlik  “Divan-ü luğat-it türk”  (2006),  “Azərbaycan xalçaları-Təbriz qrupu” (2013),  “Molla Nəsrəddin” (1988) kitabları belə qəbildəndir.

 


Oxu zalında Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığını, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən guşə yaradılmışdır. Oxu zalında Qanlı 20 Yanvar hadisələri ilə bağlı xüsusi sərgi-guşə də oxucuların diqqətini cəlb edir. Həmçinin, burada Dünya və Azərbaycan xalçaçılığını tərənnüm edən guşə də mövcuddur.

Kitabxana fəaliyyətdə olduğu dövrdən bütün istiqamət və ixtisasları əhatə edən dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, jurnallar, audiovizual materiallarla zəngin olmuşdur.  İl ərzində kitabxana fondu yeni kitablarla daha da zənginləşdirilir. Təhsil Nazirliyindən, bir neçə Ali təhsil müəssisələrindən, həmçinin, universitetimizin rəhbərliyi, bölüm rəhbərləri, işçi heyəti tərəfindən hədiyyə edilmiş kitablar da fondun zənginləşməsinə töhfə verir. Kitabxana və oxu zalında kitablar kodlaşdırılaraq elektron kitabxana  bazası yaradılmışdır. Elektron kitabxana bazasında bütün kitablar müəllifin adı, soyadı,  kitabın adı və nəşr yeri, ilinə uyğun kodlaşdırılır. Kodlaşdırma etiketləri kitabların üzərinə yapışdırılır və sonra kitablar sahələrinə ayrılaraq rəflərdə yerləşdirilir. 2014-cü ildə fondda 22781 sayda  kodlaşdırılmış kitab olduğu halda, 2015-ci ildə bu rəqəm artaraq  23990 sayda kodlaşdırılmış  kitablarla əhatə olunmuşdur. Kitabxana mərkəzinə  9 adda qəzet, müxtəlif adlarda jurnallar qəbul olunur. Qəzetlər günlər üzrə oxu zalında yerləşdirilir.

 


Kitabxana və oxu zalında  tələbələr və işçi heyəti ehtiyacları olan bütün kitablarla təmin olunur. Lazım olan məlumatlar, hər hansı bir ədəbiyyatın seçilməsində oxuculara hərtərəfli xidmət göstərilir. İl ərzində abunəçilərimizin sayı artmışdır. 2014-cü ildə 528 nəfər tələbə, 82 nəfər işçi abunəçi olmuşdursa, 2015-ci  ildə bu say artaraq 750 tələbə, 120 işçi  abunəçi olmuşdur.  Oxucuların qeydiyyatı yüksək səviyyədə  aparılır.

Kitabxana və oxu zalı bilavasitə universitet fakültələri və kafedraları ilə qarşılıqlı təmasda fəaliyyət göstərir. Bakalavr, magistr, doktorant və dissertantların ixtisasına görə istifadə etdikləri dərslik, dərs vəsaitləri, metodik göstəriş, qəzet və jurnallara olan təlabatı ödəmək birbaşa onların rəyi ilə razılaşdırılır.