- 13 May 2025
Bakı Avrasiya Universitetində (BAAU) BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) həftəsi çərçivəsində Universitetin “Riyaziyyat və İKT” və “Biznes və Menecment” kafedralarının birgə təşkilatçılığı ilə “Davamlı sənaye: innovasiya və infrastrukturun təmin edilməsi” mövzusunda elmi seminar keçirilib.
Tədbirdə BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayeva, “Regionşünslıq və iqtisadiyyat” fakültəsinin müəllim-professor heyəti, tələbələr, AzTU-nun “Radiotexnika və telekommunikasiya” kafedrasının dosenti tex.ü.f.d. Gülnar Qurbanova, Caspel şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisi Möhlət Kərimzadə, “SİRMA Group Holding”in İSC-SOC Analist Toğrul Mustafalı və BDU-nun “İqtisadi coğrafiyanın əsasları” kafedrasının müdiri coğ.e.n., prof. Çingiz İsmayılov iştirak ediblər.
Tədbiri giriş sözü ilə “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin dekanı, f.ü.f.d., dos. Mütəllim Rəhimov açaraq qonaqları salamlayıb. O, yeni texnologiyaların inkişafının sənayeyə verə biləcəyi töfhələr, rəqabət mühitində görülməli olan işlər və təhsilin üzərinə düşən məsuliyyət haqqında danışıb.
BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayeva davamlı sənaye, dəniz ekosistemlərinin dünya üzrə bioloji müxtəliflik və qlobal iqlim üçün əhəmiyyətindən bəhs edib.
BDU-nun “İqtisadi coğrafiyanın əsasları” kafedrasının müdiri coğ.e.n., prof. Çingiz İsmayılov “Dəniz ekosisteminin mühafizəsi” mövzusunda, xüsusilə, insanların fəaliyyətinin - plastik tullantılar, sənaye çirkliliyi və həddindən artıq balıq ovu kimi faktorların-dəniz həyatına və ekosistemin tarazlığına vurduğu zərərlərlə bağlı məruzə edib. O, çıxışı zamanı dənizlərin qorunması üçün beynəlxalq əməkdaşlığın, maarifləndirmə kampaniyalarının və davamlı istifadə prinsipinə əsaslanan qanunvericiliyin vacib olduğunu seminar iştirakçılarının diqqətinə çatdırıb.
AzTU-nun “Radiotexnika və telekommunikasiya” kafedrasının dosenti tex.ü.f.d., Gülnar Qurbanova “Davamlı sənaye: innovasiya və infrastrukturun təmin edilməsi” mövzusunda çıxış edərək, innovasiyanın məhsuldarlığın artırılmasına və resurslardan daha səmərəli istifadə olunmasına imkan yaratması haqqında danışıb. O, güclü infrastrukturun nəqliyyat enerji və rabitə sahələrinin inkişafını təmin edərək sənayenin dayanıqlılığını artırması, rəqəmsallaşdırma və texnoloji yeniliklərin sənaye müəssisələrinin çevik və rəqabətqabiliyyətli olmasına şərait yaratması mövzusunda maraqlı təhlillər aparıb.
Tədbirin digər qonağı Caspel şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisi Möhlət Kərimzadə “Təhsildə dayanıqlı inkişafda kibertəhlükəsziliyin rolu” mövzusunda çıxış edərək, online təhsil sistemlərinə olan kibertəhdidlər barəsində məlumat verib. O, Universitetləri hədəf alan kiberhücumlardan və onlardan qorunma yolları haqqında fikirlərini bildirib.
“SİRMA Group Holding”in İSC-SOC Analist Toğrul Mustafalı “Təhsildə Rəqəmsal həllər: qlobal texnologiyalar və Azərbaycanın gələcəyi” mövzusunda çıxış edərək, rəqəmsal texnologiyaların təhsili yalnız çatdırma üsulu kimi deyil, həm də öyrənmə məzmununun və metodikasının əsaslı şəkildə dəyişdirilməsinə imkan yaradan fenomen kimi xarakterizə edib.
Tədbirin sonunda “Riyaziyyat və İKT” kafedrasının müdiri dos. Afət Həsənova çıxış edərək gələn qonaqlara, məruzəçilərə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.