Xəbərlər

BAAU-da məzun günü keçirilib

BAAU-da məzun günü keçirilib
  • 22 Jun 2023

Bakı Avrasiya Universitetində məzun günü keçirilib. 18 ixtisas üzrə 500-dən artıq tələbə ali məktəblə vidalaşıb.

Tədbirdə universitetin rektoru, professor Nazim Hüseynli, millət vəkilləri – Aydın Mirzəzadə, Hikmət Babaoğlu, Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç və digər qonaqlar, tələbələr, müəllim kollektivi iştirak edib.

Universitetin 27-ci məzun günündə çıxış edən rektor ali məktəbi bitirən gənclərə gələcək həyatlarında uğurlar arzulayıb. N. Hüseynli universitetdə təhsil alan hər bir məzunun xalqımızın rifahı yolunda uğurlara imza atacağına əmin olduğunu dilə gətirib.

Millət vəkili Hikmət Babaoğlu bildirib ki, artıq builki məzunlar qalib ölkənin vətəndaşları, gələcəyin peşəkar mütəxəssisləridir: “Siz 4 il əvvəl universitetə qəbul olanda torpaqları işğal altında olan ölkənin vətəndaşları idiniz. İndi isə qalib ölkənin tələbələrisiniz. Ölkəmizin gələcəyi sizsiniz. Ölkənin gələcəyi sizin biliyinizdən asılı olacaq. Xalqın sizin biliyinizə , savadınıza ehtiyacı var. Bu gün ali təhsilli, diplomlu mütəxəssis kimi müstəqil həyata atıldığınız gündür. Bu münasibətlə hər birinizi təbrik edirəm”.

Millət vəkili Aydın Mirzəzadə də məzunları təbrik edib, daim ölkəmizin gələcəyi naminə çalışmalarını arzu edib: “Azərbaycanın çoxmilyonlu ziyalı ordusuna qatılmağınızla bağlı sizi təbrik edirəm. Bu il məzun olan oğullar ordu sıralarına getməlidirlər. Siz də bu vəzifəni şərəflə yerinə yetirəcəksiniz. İnanıram ki, səsiniz ən mötəbər yerlərdən gələcək”.

Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç da gənclərə daim özgüvənlərini itirməməyi, güclü olmağı tövsiyə edib: “Həyatınızda sevdiyiniz 3 insanı ağlınıza gətirin desəm, əminəm ki, əksəriyyətiniz atanız, ananız, və sevdiyiniz insanı düşünəcəksiniz. Amma özünüzü deməyəcəksiniz. Hər kəs birinci növbədə özünü sevməlidir. Mənə görə insan sadəcə özünə güvənə bilər. Həyata yeni başladığınız bu günlərdə özünüzə güvənməkdən imtina etməsəniz, bu diplomunuzu daha uğurlu şəkildə istifadə edə bilərsiniz”.

Daha sonra fakültə dekanları dosent Salman Süleymanov və dosent Mütəllim Rəhimov çıxış edərək məzunları təbrik ediblər. S. Süleymanov illərdir zəhmətlə yetişdirdikləri məzunların hər zaman universiteti layiqincə təmsil edəcəklərinə əminliyini vurğulayıb: “Hüqo deyirdi ki, açılan hər məktəb bir həbsxananın bağlanmasıdır. Bir saatlıq elm 60 illik ibadətdir. 4 il əvvəl ürkək-ürkək daxil olduğunuz bu universitetdən biliklərə yiyələnərək məzun olursunuz. İnanıram ki, hər yerdə universitetimizi təmsil edəcəksiniz”.

Bu 4 il müddətində keşməkeşli yol keçdiklərini söyləyən M.Rəhimov tələbələrə elmlə bərabər həm də mənəvi keyfiyyətlərin də aşılandığını söyləyib: “Məzunlarımız elmi hər şeydən üstün tuturlar. Oğlanlarımızı, qızlarımızı vətənini sevən, namuslu, qeyrətli övladlar kimi tərbiyə etdik. Eyni zamanda, onlara gözəl islami dəyərlər aşıladıq. Onlar həqiqətən də, elmi, biliyi, təhsili sərvətdən üstün

tuturlar”.

Tədbirdə qeyd olunub ki, Bakı Avrasiya Universiteti bazarın tələblərinə adekvat olan tələbələr yetişdirə bilib. Elə bunun nəticəsidir ki, ali məktəbin bəzi tələbələri hələ universiteti bitirmədən işlə təmin olunurlar. Bu da ən çox universitetin, müəllimlərin uğurudur. Təsadüfi deyil ki, universitetin bir çox məzunları həm Vətən müharibəsində qəhrəmanlıq göstəriblər, həm də şəhid ailələlərinə, qazilərə dəstəklərinə görə seçiliblər.

Məzun gününə xüsusi hazırlaşan tələbələr həm yeni və müstəqil həyata qədəm qoymaları, həm də bu 4 ildə qazandıqları bilik və bacarıqları bölüşmək həvəsi üçün sevincli olduqlarını qeyd ediblər.

Tədbirdə təhsildə fərqlənən tələbələrə fəxri fərmanlar verilib.

Daha sonra məzun günü ənənəsinə uyğun olaraq, tələbələr papaqlarını göyə atıblar. 

Məzun günü ilə bağlı hazırlanan tədbir musiqi və əyləncə proqramı ilə davam edib.

Digər Xəbərlər