Xəbərlər

«Təhsildə Davamli Keyfiyyət Təminatı» Adlı Beynəlxalq Konfrans Keçirilib

«Təhsildə Davamli Keyfiyyət Təminatı» Adlı Beynəlxalq Konfrans Keçirilib
  • 30 Sep 2022

29-30 sentyabr, 2022-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə Beynəlxalq Konfrans keçirilib.

“Təhsildə davamlı keyfiyyət təminatı" adlı Konfransın əsas məqsədi müvafiq sahədə qabaqcıl təcrübənin öyrənilməsi, ümumi və ali təhsil pillələrində daxili və xarici keyfiyyət təminatı siyasəti, eləcə də mexanizmlərinin təkmilləşdirilməsi, bu iki təhsil pillələri arasında keyfiyyət təminatı sahəsində əlaqələrin qurulmasından ibarət olub.

Açılış mərasimində çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova, Agentlik tərəfindən keyfiyyət təminatı istiqamətində görülən işlər, əldə edilən nəticələr və gələcək planlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Əsas məruzəçilərdən olan elm və təhsil naziri cənab Emin Əmrullayev  öncə  çıxışında qeyd edib ki, Azərbaycan təhsil məkanında Boloniya prosesi çərçivəsində həyata keçirilən islahatlar ali təhsilin keyfiyyətinin artırılmasında öz töhfəsini vermişdir. Bununla yanaşı, nazir qarşıda duran hədəflərdən biri olan Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təmin olunması üzrə Avropa Standartları və Təlimatlarına (ESG) uyğun olaraq təhsil pillələri üzrə davamlı keyfiyyətin təmin olunması məsələsinin vacibliyini vurğulayıb. Nazir ümumi və ali təhsil pillələri üzrə keyfiyyətin davamlı keçidinin təmin olunmasının da təhsil idarəçilərinin qarşısında duran əsas məsələlərdən biri olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Qeyd edək ki, konfransın açılış mərasimində Bakı Avrasiya Universitetindən Tədris işləri üzrə prorektor fil.ü.f.d., dos. Nigar Hüseynova və Daxili Keyfiyyət Təminatı və Audit sektorunun müdiri Esmira Talibova da iştirak ediblər.

İki gün davam edən Konfransın ilk günündə panel müzakirələr zamanı keyfiyyət təminatı sahəsi üzrə Avropa və dünyanın qabaqcıl beynəlxalq təşkilatlarından olan Niderland Krallığının Təhsil üzrə İnspeksiya İdarəsinin Ali Təhsil Departamentinin direktoru Hendrik Martijnse,  Ali təhsil üzrə beynəlxalq ekspert, 2009-2013-cü illərdə Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyasının (ENQA) prezidenti olmuş Achim Hopbach, Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) vitse-prezidenti Olgun Çiçek, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev ali təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlara (ESG) uyğun təşkil edilməsi, ümumi və ali təhsil pillələri arasında keyfiyyət təminatının davamlılığının təmin edilməsi barədə müzakirələr aparıblar.

Konfransın ikinci günü iştirakçılar ali təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlara (ESG) uyğun təşkil edilməsi, ümumi və ali təhsil pillələri arasında keyfiyyət təminatının davamlılığının təmin edilməsi barədə müzakirələr aparıblar. Tədbir çərçivəsində beynəlxalq ekspertlər tərəfindən praktik təlimlər də keçirilib.

Digər Xəbərlər