- 14 Sep 2026
Bakı Avrasiya Universitetində (BAAU) süni intellektin təhsil və iş prosesində tətbiqinə həsr olunmuş seminarlar keçiriləcək.
Seminarların keçirilməsində əsas məqsəd universitet ictimaiyyətinin süni intellekt texnologiyalarından şüurlu və effektiv istifadə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də müasir rəqəmsal alətlərin təhsil və iş prosesində yaratdığı imkanlarla tanışlıqdır.
Seminarların spikeri Yunanıstanın Saloniki Aristotel Universitetinin professoru Angelos Rodafinos olacaq. Professor universitet tələbələri, müəllimlər və əməkdaşlarla süni intellekt alətlərindən səmərəli və məqsədyönlü istifadə ilə bağlı bilik və praktiki yanaşmalarını bölüşəcək.
Gün ərzində fərqli auditoriyalar üçün iki seminarın keçirilməsi nəzərdə tutulur.
Belə ki, 16 sentyabrda saat 10:30-da 428-ci auditoriyada tələbələr üçün “Süni intellektdən ağıllı istifadə” mövzusunda seminar keçiriləcək. Təlim zamanı universitet tələbələrinin təhsil və öyrənmə prosesində istifadə edə biləcəyi əsas süni intellekt alətləri və müvafiq bacarıqlar barədə məlumat veriləcək.
Nahardan sonra yəni saat 14:00-da Universitetin konfrans zalında müəllim və əməkdaşlar üçün “İşdə süni intellekt” mövzusunda seminar təşkil olunacaq. Seminar çərçivəsində süni intellektin gündəlik iş proseslərinə inteqrasiyası, müxtəlif praktiki alətlərdən istifadə imkanları və onların işin səmərəliliyinin artırılmasındakı rolu barədə məlumat veriləcək.




